Dövlət Departamenti: Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər var

Dövlət Departamenti: Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər var

"Əsassız qətllər, işgəncələr, şəxsi həyata müdaxilə halları mövcuddur"

"Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlər, o cümlədən qanunsuz və əsassız qətllər, işgəncələr, şəxsi həyata zorakı müdaxilə, ölkə hüdudlarından kənarda siyasi motivli repressiyalar, ifadə azadlığının və mətbuat azadlığının məhdudlaşdırılması halları mövcuddur".

Bu fikirlər ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında qeyd olunub.

Bu barədə "Turan" agentliyi məlumat yayıb.

Hesabatda dövlət katibi Entoni Blinkenin açıqlaması da yer alıb. Həmin açıqlamada bildirilir ki, bütün dünyada insan hüquqları sahəsində tendensiya yanlış istiqamətdə davam edir.

Entoni Blinken Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və digər ölkələrdəki pozuntuları xüsusilə vurğulayaraq əlavə edib ki, təmsil olunduğu administrasiya sui-istifadələri üzə çıxarmaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün Konqreslə əməkdaşlığını davam etdirəcək.

"Biz sui-istifadələrin qarşısını almaq və təqsirkarları məsuliyyətə cəlb etmək üçün digər imkanlardan da istifadə edəcəyik”, - deyə dövlət katibi bildirib.

O deyib ki, Bayden administrasiyası bütün dünyada insan hüquqlarının müdafiəsi naminə hər şeyi riskə atan jurnalistlərə, hüquq müdafiəçilərinə, korrupsiyaya qarşı mübarizə aparan fəallara digər müdafiəçilərə dəstək verəcək: “Biz jurnalistləri, fəalları və digər dissidentləri təqib edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əlavə imkanlar yaratmışıq”.

Hesabatın Azərbaycanla bağlı bölümündə qeyd olunub ki, jurnalistlərə qarşı zorakılıq, böhtanın kriminallaşdırılması, jurnalistlərin şübhəli ittihamlarla təqibi və həbsi və veb-saytların bloklanması kimi insan hüquqları sahəsindəki mühüm problemlər qalır.

Facebook