Doktor Səmədovun doğum günüdür - Video

Bu gün Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədovun doğum günüdür.

Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda ziyalı ailəsində anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib.

Vətən qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib. M. Səmədov həkimlik peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də Ali ruhani təhsili alıb. 1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlamışdır. 1993-cü ildə Mövsüm Səmədov Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Hacı Mövsüm Səmədov əvvəlcə AİP Quba Rayon Komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək partiyaya rəhbərlik etməyə başlayıb. Doktor Hacı Mövsüm Səmədov bu gün islamçıların lideri və AİP sədri kimi sevilir.

Qeyd edək ki, M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, şərlənərək 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

M.Səmədova qarşı bütün haqsızlıqların səbəbi onun Azərbaycan hakimiyyətini korrupsiya əməllərinə və dindarların hüquqlarını pozduğuna görə kəskin tənqid etməsi olub. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Vəkillərinin ictimaiyyətə verdikləri açıqlamaya görə, Mövsüm Səmədovu namaz qıldığına, Quran oxuduğuna və oruc tutduğuna görə dəfələrlə karsa salıblar .