"Dəmir Yolları" Bakıda 500 evi sökməyə hazırlaşır

"Şanxay” kimi tanınan Nizami rayonu Pəhləvan Fərzəliyev küçəsinin sakinləri evlərinə gələn bildirişlə narahat olublar. Qapılarını döyən hökumət yetkililəri bu ərazidə 500 evin söküləcəyini xəbər veriblər. Evlər ölçülüb, qapılar nömrələnib. Amma sakinlər nə ölçmə işindən, nə də evlərinə biçilən qiymətdən razıdırlar. Onlara deyilib ki, evin hər kvadrat metrinə 1000 manat, yardımçı sahələrə 500 manat veriləcək. 

Sakinlərə verilən bildirişdə yazılıb ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti dəmir yol xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində söküntü işi aparacaq. Dəmir yolu ilə yanbayan olan bu evlərin sənədi yoxdur. Sakinlər evlərinin hər kvadrat metrinə 1500 manat verilərsə, söküntüyə razı olacaqlarını deyirlər. 

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən suallarımızı elektron ünvanlarına göndərməyimizi istəsələr də, daha sonra cavablandırmayıblar.

Meydan TV