DİM-dən 20 manatlıq iştirak haqqına narazı olanlara cavab

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

 

Sınaq imtahanında iştirak haqqı isə 20 Azn təşkil edir. DİM artıq bir neçə ildir ki, sınaq imtanlarında iştirak üçün bu məbləğin ödənilməsini tələb edir. Qiymətin yüksək olması, müəllimlərin, abituriyentlərin, ilk növbədə isə valideynlərin narahatlığına səbəb olub.

 

Mövzuyla bağlı mərkəzdən bildirilib ki, DİM özü-özünü maliyyələşdirən qurumdur. Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi şəxsin Nizamnaməsindən də göründüyü kimi, Mərkəz dövlət büdcəsindən maliyyələşmir. Təsdiq edilən qiymətlər hər imtahan növü üzrə bir iştirakçı üçün xərclənən maliyyə vəsaitinə bərabərdir. Bu vəsaitlərə test tapşırıqlarının müəllifləri, imtahan rəhbəri, nəzarətçisi, qapalı şəraitdə çalışan mütəxəssislərin əməyinin ödənilməsi, mətbəə, nəqliyyat və s. xərclər daxildir.

 

Nizamnamədə mərkəzə verilən hüquqlardan biri də abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları təşkil etməkdən ibarətdir.   

 

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

 

Yeni qəbul qaydaları əsasında 28 oktyabrda keçiriləcək sınaq imtahanı məhdudiyyətsiz bütün siniflərin iştirak edə biləcəyi ilk sınaq imtahanıdır./AzEdu