Dilqəmlə Şahbaz Şuşa səmasının işığını görə bilirmi?

Artıq 4-cü ildir ki, öz vətənlərində - Azərbaycanın işğal altındakı Şuşa türməsində “cəza çəkən” amma faktiki olaraq qanunsuz, işğalçı, separatçı və terrorçu bir rejimin əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin  gerçək saxlanma şəraiti haqda dəqiq məlumat almaq, təbii ki, mümkün deyil. Mütəmadi olaraq onlarla guya görüşən Qırmızı Xaç Komitəsi üzvlərinin obyektivliyinə  də inanmaq  olmur... 

 
“KarabakhTV” özəl mənbələrə istinadla Xankəndində fəaliyyət göstərən “QHT”-lərdən birinin  hazırda faktiki olaraq ““DQR” polisinin cinayət islah idarəsinin cinayət-islah müəssisəsi” adlandırılan Şuşa həbsxanası barədə verdiyi hesabatını əldə edib. Hesabatda  türmənin Dilqəmlə Şahbazın da saxlanıldığı qapalı rejimli kameraları haqda belə məlumat verilir: 
“Qapalı rejim kiçik gəzinti həyətinə, hamam, kitabxana, içərisində soyuducu olan kiçik əmlak anbarı və məhbuslar üçün telefona malikdir. Bu rejimdə gəzinti müddəti 1 saata qədərdir.  Kameralara təbii işıq 1 m x 1.20 m ölçülü pəncərədən kifayət miqdarda(?!-S.L.) düşür. Pəncərədən 1,5 metr məsafədə qəzet oxumaq olar. Kameralarda süni işıq 100 və ya 120 vatt  gücündəki lampalar vasitəsilə  təmin edilir. 
Lampalar qapının üzərində- tavanın altında  yerləşdirilib və  dəmir şəbəkə ilə örtülmüşdür...”
Bundan əlavə məlum olur ki, Şuşa həbsxanasında 3 rejim fəaliyyət göstərir: yarımörtülü, yarımaçıq və qapalı. Müəssisənin ümumi tutumu 350 nəfərdir. Müxtəlif rejimlərdə cəza çəkən məhbuslar bir-birindən ayrılır.  İşçi heyəti 25 nəfərdən  ibarətdir.  Əməkdaşların iş vaxtı -   saat 9-dan  18-dəkdir. Növbətçilər  sutka boyu dəyişir(1 sutka iş, 2 sutka istirahət). Həbsxana əməkdaşlarından  5-i qadındır...”
Hesabatda o da qeyd edilir ki, Şuşa türməsinin, xüsusilə, qapalı rejim kameralarının  xeyli təmirə ehtiyacı var. Döşəmə və tavanlar, su və kanalizasiya boruları, o cümlədən qapalı rejimin hamamının tavanları təmir olunmalıdır...