Dilqəmlə Şahbaz 3 ildir erməni girovluğundadır

İsgəndər Həmidov: “Dilqəmlə Şahbazın azad olunması Qarabağın azad olunması qədər prinsipial məsələdir”

Əzizlərinin məzarını ziyarət etmək üçün Kəlbəcərdəki doğma kəndlərinə gedərkən işğalçı Ermənistan ordusunun əsgərləri tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülməsindən, Həsən Həsənovun isə qətlə yetirilməsindən 3 il keçdi.

2014-cü ilin 11 iyulunda Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev doğma torpaqlarında Ermənistanın işğalçı əsgərləri tərəfindən girov götürülüblər. Həsən Həsənov isə qətlə yetirilib. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Həsən Həsənovun nəşi 3 ay sonra-2014-cü il oktyabrın 2-də qarşı tərəfdən alınıb. H.Həsənov həmin il oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Dünən Həsən Həsənovun qohumları, yaxınları onun ölümünün 3-cü ilini məzarı önündə qeyd ediblər.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev modern.az-a laqeydlikdən gileylənib: “Üç il oldu, beş il oldu, bu, artıq heç kimi maraqlandırmır. Onların girov düşmələri, ermənilər tərəfindən qanunsuz həbs olunmaları yaddan çıxıb. Yenə əvvəllər yığışıb yalandan da olsa, vəd verirdilər, indi Dilqəm və Şahbazın adını belə çəkən yoxdur. Tam unudulublar”.

Ermənistanın heç bir beynəlxalq hüquq normasına məhəl qoymayaraq Dilqəm Əsgərovu və Şahbaz Quliyevi hələ də girov saxlamasında beynəlxalq birliyin laqeydliyinin böyük rolu var. Ciddi qınağa tuş gəlməyən işğalçı Ermənistan dünyanın gözü qarşısında iki dinc Azərbaycan vətəndaşını öz doğma kəndlərinə getdikləri üçün girov saxlayır.

Azərbaycanlı girovların azad edilməsinin ləngiməsi ailə üzvləri ilə yanaşı, ictimaiyyətdə narazılıqla qarşılanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov hesab edir ki, Kəlbəcərdə ermənilərin girov götürdükləri Dilqəm Əsgərovun, Şahbaz Quliyevin girovluqdan azad edilməsini hansısa beynəlxalq təşkilatlardan gözləmək özünü aldatmaqdır:“Beynəlxalq təşkilatlar indiyə qədər bir qarış da olsun torpağımızın azad edilməsində yardımçı olmadıqları kimi, Dilqəmlə Şahbazın da azad edilməsinə nail olmayacaqlar. Mən Dilqəm və Şahbaz girov götürülən zaman, hadisədən cəmi bir-iki gün sonra bəyan etmişdim ki, o qəhrəman qardaşlarımızı düşmən əsarətindən geri almağın bir yolu var. Hansısa beynəlxalq təşkilata ümid etmək əvəzinə yeganə olan bu yoldan istifadə edilməlidir. Bir daha bəyan edirəm ki, kimin nə deməsindən, hansı təhlükəni qabartmasından asılı olmayaraq, Azərbaycan məhz bu insidentdən sonra Qarabağda antiterror əməliyyatına başlamalıydı. Antiterror əməliyyatına başlamağa hansısa səbəblərdən getmirlərsə, heç olmasa xüsusi xidmət orqanlarını və şir ürəkli oğullarımızı hərəkətə gətirməklə əməliyyat keçirib bir neçə yüksək çinli erməni hərbçisi ələ keçirmək, girovlarla dəyişmək lazım idi. Dilqəmlə Şahbazın azad olunması Qarabağın azad olunması qədər prinsipialdır Azərbaycan üçün. Nə qədər ki, məsələyə bu cür yanaşılmır, Qarabağ kimi hər iki qardaşımız da erməni əsarətində qalacaq. Azərbaycan dövləti nəyin bahasına olur-olsun Ermənistanı girovları azad etmək məcburiyyəti qarşısında qoyan bir ciddi əməliyyat keçirməlidir”.