EURO : 1,9389 TRY : 0,2479 USD : 1,7 RUB : 0,024
Dilqəm və Şahbaz niyə girovluqdan azad olunmur? – Politoloq səbəbləri Rakurs.tv-yə açıqladı

Dilqəm və Şahbaz niyə girovluqdan azad olunmur? – Politoloq səbəbləri Rakurs.tv-yə açıqladı

Azər Rəşidoğlu: “Heç bir cinayəti olmayan və hərbi əməliyyatlarda iştirak etməyən insanları girov saxlamaq beynəlxalq hüquqa ziddir”

 

Bir neçə ildir ki, Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti haqda konkret məlumat verilmir. Ailə üzvlərinin onları həbsxanada ziyarət edə biləcəyi barədə “Azadlıq Radiosu”nun Ermənistan xidməti bir müddət öncə məlumat yaysa da, belə görüş bu günə qədər reallaşmayıb. Hökumətin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin girovların geri qaytarılması və ya Azərbaycanda həbs çəkən erməni əsrlərlə dəyişdirilməsi istiqamətində atdığı addımlara baxmayaraq, bu istiqamətdə heç bir real nəticə ortada yoxdur.

 

Bəs görəsən Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu günə qədər geri qaytarılmamasının səbəbi nədir ?

 

Mövzu ilə bağlı Rakurs.tv-nin  ünvanladığı sualı cavablandıran politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistan bütün beynəlxalq hüquq və qanunları pozur, öhdəliklərə əməl etmir: “Heç bir cinayəti olmayan və hərbi əməliyyatlarda iştirak etməyən insanları girov saxlamaq beynəlxalq hüquqa ziddir. Azərbaycan tərəfi bir çox addımlar ataraq girovların azad edilməsi istiqamətində çaba göstərib. Lakin Ermənistan tərəfi bu addımlara heç bir məhəl qoymayıb. Düşünürəm ki, bu məsələdə ictimaiyyətin mövqeyi olduqca zəifdir. İctimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları, jurnalistlər bu məsələdə aktivlik nümayiş etdirməlidirlər. Girovlarımızın azad edilməsi üçün petisiyalar imzalayaraq beynəlxalq təşkilatlara göndərməlidirlər. Eyni zamanda beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməliyik ki, onlar da düşmən ölkəyə qarşı təzyiqləri artırsınlar. Bir sözlə cəmiyyət bu məsələdə aktivlik göstərməlidir. Çünki girovların taleyi üçün hər an təhlükə mövcuddur. Ona görə də, daha fəal vətəndaş mövqeyi sərgilənməlidir”.

Azər Rəşidoğlunun sözlərinə görə, girovların qaytarılmaması məsələsində Rusiya faktoru da çox güclü rol oynayır:”Ermənistanın siyasi rəhbərliyi  Rusiyanın forpostu olduğunu dəfələrlə bəyan edir. Rusiya istəsə azıərbaycanlı girovları bir saatın içərisində geri qaytara bilər. Biz sadəlövcəsinə Rusiyanın Azərbaycana torpaq qaytaracağını, girovları azad edəcəyini gözləyirik. Lakin bu addım heç vaxt atılmayacaq. Ona görə də qarşımızda iki yol mövcuddur. Ya biz vətəndaş mövqeyi sərgiləyərək bu məsələni dünya mediasına çıxarmaqla nəyəsə nail ola bilərik, yaxud da hərbi əməliyyatları bərpa edərək işğal altında olan torpaqlarımızı geri qaytarmalıyıq”.

Facebook