Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində kömək istədi

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən sammitində çıxış edib.

Modern.az xəbər verir ki, girovun oğlu atasının Kəlbəcərdə ermənilər tərəfindən oğurlandığını, hazırda səhhətində ciddi problemlər yarandığını bildirib:

"Artıq 7 aydır atamdan heç bir xəbər yoxdur. Sonuncu dəfə mart ayında ondan məktub almışıq. Səhhətində ciddi problemlər var, ürəyində, başında və belində şiddətli ağrılar var. 2014-cü ildə atam Kəlbəcərdə nənəmin qəbrini ziyarət etməyə getmişdi və erməni əsgərləri tərəfindən oğurlandı. O zaman atamın çəkisi 95 kiloqram idi, indi isə 45 kiloqramdır. 

Bizim ailəmiz çox pis vəziyyətdədir. Biz hələ də bilmirik ki, atamı niyə həbs ediblər. Onun heç bir günahı yoxdur. Atam xəstə, yaşlı adamdır. Ailəmiz 4 ildir ki, başsız qalıb. Hər dəfə atamdan məktub alanda çox böyük stress keçiririk. Sizin hamınızın övladları var. Axşam evdə uşaqlarınızla vaxt keçirirsiz. Mən də atamı görmək istəyirəm, atamla oturub söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümdə atam yanımda olsun. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Qlobal məsələləri müzakirə edirsiz. Sizdən xahiş edirəm ki, atam Dilqəm Əsgərovun tezliklə azadlığa çıxmasına çalışasınız. Çünki, mənim atamın heç bir günahı yoxdur. Günahsız insanların girovluqda saxlanılması doğru deyil. Və siz bunu yaxşı bilirsiniz", -deyə Kürdoğlu çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, sammitdə 57 ölkənin diplomatlarıı, həmçinin insan haqları təşkilatlarının nümayəndələri və media mənsubları iştirak edirlər. 

K.Əsgərov Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə Sammitə qatılıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.