Dilqəm Əsgərov barədə hüquq müdafiçəsi yeni iddia səsləndirdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.

Məsələ ilə bağlı danışan azərbaycanlı girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov hər hansı başçəkmə olmadığını deyib:

“May ayında atamın vəziyyəti ağırlaşanda Cenevrədən həkim dəvət etmişdilər. Həmin həkimlə şəxsən özüm də görüşmüşdüm. Həkim mənə dedi ki, atamın müalicəsi düzgün aparılmayıb, ona görə səhhəti pisləşib. Xaricdən gələn həkimin dediyinə görə, o, düzgün müalicə yazıb. Amma həmin vaxtdan etibarən atamdan məktub ala bilmirəm”.

Kürdoğlu Əsgərov deyib ki, bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinin ofisində olub.

“Atama məktub yazmaq istədiyimi bildirdim. Onlara dedim ki, sentyabrın 10-dan sonra bir neçə günAzərbaycanda olmayacam. Əgər görüş olacaqsa, mən məktub yazım. Bundan başqa üç aydan bir video göndərmək haqqım var. Nümayəndələr heç bir problem olmadığını, görüş olacağı təqdirdə əvvəlcədən mənə xəbər verəcəklərini bildirdilər. Dünən də oxuyuram ki, guya, başçəkmə olub. Zəng edirəm “Qızıl Xaç”ın əməkdaşlarına, deyirlər “bizim xəbərimiz yoxdur, görüş olmayıb”. Belə çıxır ki, mən uşağam, mənimlə çiling-ağac oynayırlar?!”. 

Əsir və Girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun üzvü Əvəz Həsənov bildirib ki, suala konkret cavab vermək mümkün deyil:

“Girovlara baş çəkmənin olub-olmadığını yalnız BQXK deyə bilər. Mən bildiyim qədər Dilqəm Əsgərov ailəsi ilə yazışmalara o qədər də maraq göstərmir. Xüsusən də video mesajların göndərilməsində maraqlı deyil. Buna isə BQXK-nin heç bir müdaxiləsi ola bilməz. Onlar Dilqəmi videomüraciət göndərməyə təhrik edə bilməzlər”.

Hüquq müdafiəçisi deyib ki, Əsir və Girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri sonuncu dəfə girovlara iyul ayında baş çəkiblər:

“Mənim də təmsil olunduğum Əsir və Girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri Bernhard Klazen, Svetlana Qannuşkina və Paata Zakareişvili bu ilin iyul ayında Qarabağda səfərdə oldular. Səfər zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdülər. Onların məlumatına əsasən, hər ikisinin səhhəti normaldır. Bu barədə artıq Bakıda rəsmi strukturlara məlumat verilib”. 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.