Dəhşətli qəzaya görə “Dəmir Yolları” QSC-nin əməkdaşı istintaqa cəlb edilib

Dəhşətli qəzaya görə “Dəmir Yolları” QSC-nin əməkdaşı istintaqa cəlb edilib

Bakıda qatarla avtobusun toqquşması faktına görə daha bir nəfər istintaqa cəlb edilib.

“Report”un məlumatına görə, faktla bağlı başlanmış cinayət işi üzrə hadisə baş verən (qorunan) keçidin növbətçisi Qabil Fərrux oğlu Rzayev istintaqa çağırılaraq ifadəsi alınıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova “Report”a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, qorunan keçidin növbətçisi Q.Rzayev iş üzrə dindirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində cinayət işi başlanıb.

Facebook