Deputatlığa namizəd seçki saxtakarlığından danışdı: Çox ciddi xaotik proseslər baş verə bilər

Deputatlığa namizəd seçki saxtakarlığından danışdı: Çox ciddi xaotik proseslər baş verə bilər

Natiq Cəfərli:Bu seçkilərin ən pis nəticəsi odur ki, ölkədə seçki institutları tamamilə məhv edildi”

 

9 fevral tarixində Azərbaycanda növbədənkənar Parlament seçkilərinin keçirilməsi ilə dünyanın diqqəti ölkəmizə yönəldi. Lakin təəssüflər olsun ki, budəfəki seçki də öncəkilərdən heç nə ilə fərqlənmədi. Xalq bu dəfə də demokratik və şəffaf seçkinin şahidi olmadı. Bütün bunlar azmış kimi seçki saxtakarlığına etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında dinc şəkildə aksiya keçirməyə çalışan insanlar polis zorakılığına məruz qaldılar.

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd olmuş “ReAL” partiyasının icraçı katibi natiq Cəfərli Rakurs.tv-yə açıqlamasında bildirib ki,  bu dəfə də xalq fərqli mənzərənin şahidi olmadı: “Məntəqələrdə nəticələrin ləğvi üçün Dairə Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət etdik. Eyni zamanda Mərkəzi Seçki komissiyasına Dairənin nəticələrinin  ləğvi üçün də müraciət ünvanlayacağıq. Müraciətə aldığımız cavabdan asılı olaraq digər hüquqi prosesləri həyata keçirəcəyik. Hətta Avropa Məhkəməsinə qədər getmək fikrimiz var. Ümid edirəm ki, Avropa Məhkəməsinə müraciət etməyimizə ehtiyac qalmayacaq və MSK heç olmasa saxtakarlığın çox olduğu Dairələri ləğv edəcək. Bu addım ölkəmiz üçün də yaxşı nəticələnə bilər”.

 

Natiq Cəfərli qeyd edib ki, bu seçkilər digərlərindən pis keçməyib. Demək olar ki, əvvəlki seçkilərlə eyni səviyyədə olub: “Bu günə qədər keçirilən seçkilərdə şəffaflıq  necə pozulurdusa, növbədənkənar Parlament seçkiləri də eyni üsulla saxtalaşdırıldı. Yeni bir şey baş vermədi. Yeniliklər ondan ibarət idi ki, Azərbaycan əhalisinin bir qismində bu seçkilərlə bağlı  ümid yaranmışdı. İnsanlar tam fərqli bir seçki prosesinin şahidi olacaqlarına, Azərbaycanda yeni siyasi proseslərin baş verəcəyinə inanmışdılar. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. Müxalifət nümayəndələrinin seçilməməsi bir kənara, 82 nəfər köhnə deputatdan, 81-nin yenidən mandat alması, qapılardan və görüşlərdən qovulan namizədlərin qələbə qazanması insanlarda qəzəbin yaranmasına səbəb oldu. Bu seçkilərin ən pis nəticəsi odur ki, ölkədə seçki institutları tamamilə məhv edildi. Seçki institutları dağıdılan ölkələrdə isə çox ciddi xaotik proseslərin baş verdiyinin şahidi olmuşuq”.

 

“ReAL” partiyasının icraçı katibi bildirib ki, indiki vəziyyətdə insanların seçkilərə inamını bərpa etmək mövcud hakimiyyət üçün çox çətin olacaq: “ Bir neçə gənc namizədin təklifi ilə MSK qarşısında oturaq aksiya keçirən insanların polis tərəfindən müdaxiləyə məruz qalması vəziyyəti bir qədər də çətinləşdirdi. İnsanları avtobuslara yığaraq şəhər kənarına aparmaq düzgün strateji seçim üsulu deyil”.

Facebook