Deputat: Ombudsmanın səlahiyyətləri azdır

Deputat: Ombudsmanın səlahiyyətləri azdır

"Azərbaycanda Ombudsman təsisatının Avropadakı təsisatlarla müqayisədə səlahiyyəti azdır".

Bunu Milli Məclisin iclasında deputat Erkin Qədirli deyib.

Deputat bildirib ki, bütün hüquqların müdafiəsinin yalnız bir Ombudsmanın üzərinə düşməsini də doğru saymır: "İnkişaf etmiş ölkələrdə sahəvi ombudsmanlar fəaliyyət göstərir. Biz sahəvi ombudsman yanaşmasına qayıtmalıyıq. Ombudsmanın qanunvericilik təşəbbüsü hüququ olmalıdır. Ombudsmanın çox gözəl təklifləri var, ancaq bu təkliflərin çoxu havada qalacaq".

Deputat qeyd edib ki, məruzədə təsnifat sistemsizdir: "Bərabərlik, toxunulmazlıq, birgə toplaşmaq, yaşamaq və s. hüquqlar məruzədə yoxdur. Bu dəfə heç mülkiyyət hüququ da məruzədə yer almayıb. Ötən məruzədə var idi".

Deputat Əli Hüseynli isə deyib ki, sahəvi ombudsmanla bağlı Konstitusiya qanunu əvvəllər Milli Məclisdə qəbul olunub: "Bu, informasiya ombudsmanı ilə bağlı idi. Hesab edirəm ki, ombudsman institutunun institusional gücü onun nəzarət funksiyasında deyil. Artıq 2002-ci ildə ombudsman təsisatı mövcud idi. Yenidən fərqli sahələrlə bağlı (informasiya, penitensiar) ombudsmanın yaradılmasına ehtiyac duymadıq. Bunun üçün ombudsman təsisatının aparatı genişləndirilə bilər".

Milli Məclis Ombudsmanın məruzəsini qəbul edib

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) məruzəsinin dinlənilməsi başa çatıb.

Məruzə ətrafında müzakirələr aparılıb. Sonda məruzə səsə qoyularaq qəbul olunub.

Ombudsmanin dedikləri...

"İnsan hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş kompleks tədbirlər dövlətlə vətəndaş arasındakı etimadın möhkəmlənməsində mühüm rol oynayıb".

AZƏRTAC-in xəbərinə görə, bu fikirləri aprelin 2-də Ombudsman Səbinə Əliyeva Milli Məclisin plenar iclasında illik hesabat məruzəsi ilə çıxış edərkən deyib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin və ictimai nəzarətin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə idarəçilik sistemində tətbiq olunan yeniliklər Azərbaycanda aşkarlığın, şəffaflığın təmin edilməsində özünü göstərməkdədir.

Xatırlatma

Səbinə Əliyeva 2019-cu ilin noyabrında bu vəzifəyə seçilib. O, 17 il ombudsman vəzifəsində çalışan 82-yaşlı Elmira Süleymanovanı əvəz edib. Halbuki, E.Süleymanovanın ombudsman kimi səlahiyyət müddət hələ 2017-ci ildə bitmişdi. Azərbaycan ilk ombudsmanı olan E.Süleymanova bu vəzifəyə 2002-ci il iyulun 2-də seçilmişdi.

Azərbaycanda Ombudsman Aparatına hüquq müdafiəçilərinin münasibəti birmənalı deyil. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bu qurum Azərbaycanda kifayət qədər cəsarətli deyil və hökumətdən asılıdır. Onlar xüsusilə Ombudsmanın hesabatlarında ölkədə işgəncə hallarının olmasının təsbit edilməməsindən narazı qalırlar. Hərçənd, rəsmi qurumlar polis təcridxanaları və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri qəbul etmirlər.

Facebook