"Dedilər ki, çıxın üstünüzə dağ gəlir" - Video

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatların əmələ gəlməsi nəticəsində ərazidə məskunlaşan yerli əhaliyə ilk növbədə qazın və işığın verilməsi dayandırılıb. Sakinlərin sözlərinə görə, aidiyyatlı qurumlar qaz və işığın kəsilməsini təhlükəsizlik məqsədilə həyata keçirdiklərini deyiblər. Hazırda sözügedən ərazi demək olar ki, tam boşaldılıb. Lakin Bayıl yamacındakı sürüşmə zonasında yerləşən evlərin sakinlərinin bir neçəsi ərazidən köçmək istəmirlər. Sakinlər yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin onlara evlərini tərk etməli olduqlarını dediklərini, bunun əvəzində isə onlara hansı məbləğdə kompensasiya veriləcəyinə aydınlıq gətirmədiklərindən narazılıq ifadə ediblər.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb, sürüşmə ilə bağlı həmin ərazidə yaşayan sakinlər təxliyyə edilib. Sakinlərdən bir qismi 163 nömrəli orta məktəbdə, 49 saylı məktəb-liseydə, digərləri isə yaxın qohumlarının evlərində məskunlaşdırılıblar.
Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. Bayıl yamacında son sürüşmə təhlükəsinin 2011-ci ilin avqustunda yarandığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyasının araşdırmalarına görə, Bakının Bayıl qəsəbəsində sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəydiyi qeyd olunur.