"Dedilər ki, bu silahı boynuna götür, digər qohumlarını buraxaq" - Nardaran işi 2 - Video

Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi şahid ifadələri ilə davam edib. 

Belə ki, ilk olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Kamil Məmmədov dindirilib. O, Əlibəy Şahbazovun və Əmrəli Əliyevin evində keçirilən baxışda iştirak etdiyini bildirib. Məmmədov öz ifadəsində Ə. Şahbazovun üzərində baxış keçirdiyini və üç ədəd kitabça, bir ədəd F-1 qumbarası aşkar etdiklərini deyib:

“Daha sonra idarəyə gedib bunu protokollaşdırmışıq. Silahı bir-iki gün əvvəl Nardaranda küçədən tapmışdım”. 

Əmrəli Əliyev isə dindiriləndə bildirdi ki, onu oğulları və bir qardaşı oğlu ilə bir yerdə tutub aparmışdılar:

“Polis şöbəsində dedilər ki, bu silahı boynuna götür, digər qohumlarını buraxaq. Övladlarımın və qardaşım oğlunun azad olunması üçün bunu boynuma götürdüm. Dedilər ki, məni CM-nin 228-ci maddəsi (qanunsuz silah saxlama) ilə ittiham edəcəklər, amma əvəzində belə ağır ittihamlar verdilər”. 

Əlibəy Şahbazov o hadisədən bir gün əvvəl - 2 dekabrda tutulduğunu, bir gün əvvəl isə atasının tutulduğunu məhkəmədə bildirdi:

“Atamın buraxılması üçün bu ittihamı üstümə götürməyi təklif elədilər, razılaşdım. Amma atamı buraxmadılar və daha sonra iki qardaşımı da qanunsuz silah saxlama ilə həbs elədilər”. 

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Ramin Səlimov dindirilib. O Ramil Əliyevin və İsa İbrahimovun evində keçirilən baxışda iştirak etdiyini göstərdi:

“Baş idarəyə məlumat daxil olmuşdu ki, İsa İbrahimovun Lənkəranda yerləşən evində, eləcə də Cəlilabadda yaşayan Ramil Əliyevin evində qanunsuz silah sursat saxlanılır. Baş idarədən İsa İbrahimovla bir yerdə Lənkərana getdik”. 

Şahidin öz ifadəsində İsa İbrahimovun guya baş idarəyə dəvət olunmasını göstərməsinə baxmayaraq, İbrahimov məhkəmədə bildirdi ki, o dekarbrın 17-si İrandan qayıdarkən Astara Gömrük Məntəqəsində saxlanılaraq birbaşa idarəyə aparılıb. Bir sutka idarədə qaldıqdan sonra isə ayın 18-də Lənkərana aparılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rəşad Verdiyev ifadəsində Fərhad Muradovun evində baxışda iştirak etdiyini göstərib və bildirib ki, Muradovun üzərində “Tale Bağırzadənin müraciəti” adlı kitabça və eyni zamanda yataq otağında qumbara aşkar olunub. Fərhad Muradov isə bildirdi ki, həmin günü evə xeyli miqdarda adam gəlmişdi və silahı da məhz onlar evə qoyublar: 

“İdarədə də mənə qarşı təzyiq olduğuna görə təqdim olunan sənədləri imzalamışam”.

Daha sonra hakim növbəti prosesin 13 oktyabr saat 14:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 2" üzrə məhkəmə prosesi gedən şəxslər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevdir. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.