"Dedi ki, mən burda Lotu Bəxtiyarı da sındırmışam" - Nardaran işi 2

"Kərim Əlimərdanovun əlində tikanlı dubinka var idi"

İyunun 30-da "Nardaran işi" üzrə təqsirləndirilən Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib. 

Rakurs TV-nin məlumatına görə, prosedə şahid qismində Maştağa kənd sakini Bəxtiyar Aşurov ifadə verib. O, hakimin və vəkilin suallarını "heç nə görməmişəm, heç nə bilmirəm", - deyə cavab verib. Şahidin istintaqa verdiyi ifadəsində Tale Bağırzadəni Maştağa qəsəbəsində yerləşən Həzrət Əbəlfəz məscidində gördüyü bildirilsə də, o, məhkəmədə namaz qılan olmadığını, ümumiyyətlə məscidə getmədiyini deyib.

"Bizim nə sözümüz olubsa, birbaşa hakimiyyətin üzünə demişik"

Proses zamanı aydın olub ki, B.Aşurov orta məktəbdə 1-ci sinifə kimi təhsil alıb. Bu zaman təqsirləndirilən Elçin Qasımov hakimdən söz istəyib: 

"Cəmiyyətin savadsızlığı hakimiyyətdə olanlara sərf edir ki, insanlar bizim əleyhimizə ifadə versinlər. Bizim nə sözümüz olubsa, burda da, azadlıqda olanda da birbaşa hakimiyyətin üzünə demişik. Bizə də kiminsə sözü varsa, gəlib birbaşa üzümüzə desin. İnsanların adından yalan ifadə yazmasınlar"

Daha sonra şahid qismində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMCMİ) baş əməliyyat müvəkkili Şahlar Cəfərov dindirilib. O, Fərhad Muradovun evində keçirilən əməliyyat barədə suallara cavab verib. Cəfərov bildirib ki, F. Muradovun yataq otağından partlayıcı maddələr və qumbara aşkar edilib. Onun sözlərinə görə, evə baxış zamanı 4 nəfər olublar: 2 əməliyyatçı və 2 hal şahidi. 

Hakim F.Muradovdan şahidin ifadəsi ilə razılaşıb-razılaşmadığını soruşub. F.Muradov Cəfərovun yalan ifadə verdiyini deyib:

"Bunlar 2 nəfər deyildilər. 6-7 maşın gəlmişdi. Bütün məhəllə gördü. Məni xəstə yatağımdan qaldırıb, zala gətirdilər. Yataq otağında 1 polis qaldı. Heç o biri otağa baxmadılar. Elə şkafın üzərinə özləri qoyub, özləri də götürdülər. Sonra götürüb mizin üzərinə düzdülər. Mənim də yataq otağında şəkilimi çəkdilər. Sonra "Bandotdel"ə apardılar. Bir kağız verdilər ki, burada yazılanları əlinlə yaz. Dedim ki, bu yalandır, yaza bilmərəm. Dedilər ki, yalan danışmırsan ki, yazırsan"

"Elçin Quliyev də mənimlə belə danışırdı. Kürdəxanıda soruşdum necəsən? Cavab verə bilmədi"

Ş.Cəfərovun üzündəki gülüş ifadəsi təqsirləndirilənlərdə qıcıq oyadıb. Nahid Qəhrəmanov Ş.Cəfərova həbsdə olan MTN generalı Elçin Quliyevi xatırladıb:

"MTN məni hicab qadağasına etiraz zamanı tutanda, Elçin Quliyev də mənimlə belə danışırdı. Sonra onu Kürdəxanıda gördüm. Soruşdum necəsən? Cavab verə bilmədi"

Təqsirləndirilən E.Qasımov Ş.Cəfərovun "Bandotdel"in şöbə rəisi Kərim Əlimərdanovla birlikdə saxlanılanlara işgəncə verdiyini deyib:

"Bu şəxs Kərim Əlimərdanovla birlikdə "Müsəlman Birliyi"nin idarə heyətinə qarşı xüsusi amansızlıqla işgəncə verirdi. Bu adam 8 saat məni arxadan əliqandallı vəziyyətdə saxlayıb, qandal ətimi kəsib, sümüyə çatmışdı. Mən Kərim Əlimərdanovun otağına girəndə arxadan təpiklə vurub, yıxdı ki, ayaqüstə dayanmamalıyam, dizüstə çökməliyəm. Ramil Əliyevi elə vəziyyətə salmışdılar ki, namaz qılmağa halı qalmamışdı. Kərim Əlimərdanovun əlində tikanlı dubinka var idi. Onunla başıma vururdu. Düzdür, lap möhkəm vurmurdu, amma başım qan olmuşdu. Kərim mənə dedi ki, mən burda Lotu Bəxtiyarı da sındırmışam"

Bu zaman N.Qəhrəmanovun zalda oturan anası dözməyib, hakimə müraciət elədi:

"Mən Nahidin anasıyam. Allah bunlara lənət eləsin. Heç sağ getməsinlər evə. Burda saxlanılanlar günahsızdır hamısı"

Növbəti məhkəmə prosesi iyulun 7-ə təyin olundu.