"Dedi ki, gəlsin özü generalla danışsın" - Nardaran işi 3

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Rakurs TV-nin məlumatına görə, avqustun 14-də "Nardaran işi 3" üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə müdafiə tərəfinin vəsatətləri əsasında iki şahid ifadə verib. İlk öncə Babək Mirkazımov adlı şəxs verilən sualları cavablandırıb. O, təqsirləndirilən Zülfüqar Mikayılzadənin sürücüsü olduğunu bildirib:

"Hacının İnterAz kanalında çəkilişi vardı. Onu aparmışdım. Qayıdandan sonra hacının evinin qarşısında qabağımızı kəsdilər. Məni öz maşınımda, hacını isə ağ rəngli "Prado"sunda "Bandotdel"ə apardılar. 10 gün orada qaldım".

Şahid sualları cavablandırarkən saxlanıldıqları zaman heç bir protokollaşmanın aparılmadığını, Zülfqar Mikayılzadənin maşında ikən qandallanıb aparıldığını deyib.

Daha sonra ifadə vermək üçün təqsirləndirilən Mehman Məmmədovun atası Südeyf Məmmədov dəvət olunub. O, oğlunun Nardaran qəsəbəsində həbs olunduğunu deyib. Onun sözlərinə görə, polisə təslim olması üçün oğlunu özü razı salıb:

"Mənim oğlum təqsirsizdir, təqsiri olsaydı, heç onu polisə göndərməzdim. Zaur adlı şəxs evimizə gəlmişdi, məndən Mehmanın harada olduğunu soruşdu. Dedi ki, gəlsin özü generalla (Səhlab Bağırov) danışsın. Mən də ona xəbər göndərdim, o da gəlib, getdi generalın yanına. Ondan qabaq özüm getmişdim Səhlabla danışmağa. Kənddə qərargah qurmuşdular. Görüşə bilmədim onda. Sonra oğlumun boynuna qumbara, silah-sursat qoydular".

Mehman Məmmədov isə bildirib ki, polis onun evində heç bir axtarış aparmayıb. 

Növbəti proses avqustun 21-ə təyin olunub.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.