Daşınmaz əmlakını sığorta etdirməyənləri nə gözləyir? – Ekspert qaydaları açıqlayır

Daşınmaz əmlakını sığorta etdirməyənləri nə gözləyir? – Ekspert qaydaları açıqlayır

Natiq Cəfərli: “Daşınmaz əmlakı sığorta etdirməməyə görə, yalnız bir dəfə cərimə tətbiq etmək mümkündür”

 

2020-ci il yanvar ayının 1-dən etibarən daşınmaz əmlakın məcburi sığortalanması  ciddi nəzarətə götürülüb. Belə ki, mənzillərin sığortalanmasına görə, Bakı sakinləri 50, Sumqayıt və digər iri şəhərlərin əhalisi  40, rayonlarda yaşayanlar  isə 30 manat məbləğində sığorta haqqı ödəməli olacaqlar. Evlərini sığorta etdirməyənlərin isə hər 20 gündən bir cərimələnəcəyi haqda məlumatlar mətbuatda öz əksini tapıb. Lakin diqqət çəkən məqam daşınmaz əmlakın  icbari sığortası haqda qanunun tətbiqində kifayət qədər boşluğun olmasıdır.

 

Hazırda Azərbaycanda yüz minlərlə sənədsiz evin olduğunu, icbari mənzil sığortasının tətbiqinə nəzarət edəcək qurumun tam dəqiqləşmədiyini,  cərimə mexanizminin həyata keçirilməsində olan boşluqları nəzərə alsaq, bu məsələnin qısa zaman ərzində reallaşmayacağını deyə bilərik. 

 

Qanundakı boşluqlarla bağlı “Rakurs.tv” –yə danışan iqtisadçı ekspert Natiq Cəfərli olduqca maraqlı məqamlara diqqət çəkib.  Ekspert bildirib ki, hələ cərimələrin yazılması və yığılması prosesi ilə bağlı işlək bir mexanizm yoxdur. Çünki bu işlə hansı orqanın məşğul olacağı, nəzarət funksiyasını kimin həyata keçirəcəyi ilə bağlı heç bir mexanizm yaradılmayıb: “ Mətbuatda insanları qorxudan məlumatlar dərc olunur.  Əmlakı sığorta etdirməməyə  görə hər dəfə cərimələrin tətbiq olunacağı haqda məlumatlar  paylaşılır. Lakin bu həqiqətdən uzaqdır. Çünki daşınmaz əmlakı sığorta etdirməməyə görə, yalnız bir dəfə cərimə tətbiq etmək mümkündür.  Qaydalarda, cərimə edəcək qurum olaraq müvafiq icra strukturları göstərilib. Lakin müvafiq icra strukturunun kimliyi məlum deyil. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Lakin elə bir qərar yoxdur və yaxın zamanlarda olacağını da düşünmürəm”.

 

Natiq Cəfərlinin sözlərinə görə,  daşınmaz əmlakın sığortası ilə bağlı qanun 2011-ci ildə qəbul edilib.  Yəni bu yeni bir məsələ deyil: “ Ancaq vətəndaş öz mülkiyyəti ilə bağlı hər hansı bir əməliyyat edərsə, yaxud mənzilini satar və ya başqasının adına keçirərsə, o zaman icbari qaydada əmlakın sığortasını tələb edə bilərlər. Yəni bu məcburiyyətdən doğan bir addım olacaq. Başqa cür nəzarət mexanizmi isə mövcud deyil. Ona görə də, cərimələrin yazılması ilə bağlı ciddi problemlərin yaranacağı gözləniləndir. Bu cür cərimə tətbiq olunması isə mümkün deyil”.

 

İqtisadçı əlavə edib ki, sığorta şirkətləri vətəndaşları cərmələyəcəkləri ilə hədələyirlər. Bununla bağlı evlərə bəzi bildirişlər göndərilir və sairə. Bu tamamilə absurd bir haldır: “Çünki sığorta şirkətləri dövlət adından hər hansı bir cərimə kəsmək kimi hüquqa malik deyil. Sığorta şirkətləri bu işdə heç cür iştirak edə bilməzlər”.

 

Natiq Cəfərli onu da qeyd edib ki, ölkədə icbari tibbi sığorta ilə bağlı qərar 1999-cu ildə qəbul olunub. Lakin bu günə qədər qanunun işlək mexanizmi yoxdur. Çünki icbari sığortanın öz qaydaları var və bunun üçün müəyyən işlər görülməlidir: “Azərbaycanda 700 mindən çox sənədsiz evlər və torpaq sahələri mövcuddur. Onlara “mülkiyyət aministiyası” tətbiq etmədən, hüquqları bərpa olunmadan, hər hansı bir sığorta fəaliyyəti həyata keçirmək mümkün deyil. Bu isə vətəndaşların bərabərlik hüquqlarını pozur. Ona görə də, öncə bütün evlərin sənədləşməsi prosesi başa çatmalıdır.  Daha sonra isə əmlak sığortası ilə bağlı müvafiq qərarlar verilə bilər”.

Facebook