"Ədalətli mövqenin tirajlanmağından qorxan oğrular doğruları məhkəmə qarşısına çıxarırlar" - Video

Yanvarın 10-da Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə AXCP -nin sədr müavini Gözəl Bayramlının məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində Gözəl Bayramlının özü, vəkili Elçin Sadıqov, dövlət ittihamçısı Vasif Səlimov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. İlk olaraq hakim A. Səmədov iki ekspert rəyini - Gözəl Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dollar yüzlük əskinasların qanunauyğun şəkildə çap edilməsi və Bayramlı müayinə olunarkən üzərində xəsarət izinin aşkarlanmadığı yazıldığını elan edib. Prosesdə “Sınıq körpü” gömrük-keçid məntəqəsində gömrük əməkdaşı Alidə Əzizovanın iştirakı ilə tərtib olunmuş, malların yoxlanmasına dair protokol da elan olunub. Sənəddə G.Bayramlıya aid bir ədəd çanta və içindəki dörd cüt ayaqqabıdan, dərmanlardan və yüz ədəd ardıcıl, 20 ədəd isə müxtəlif seriyalı yüzlük dollar əskinaslarından bəhs olunur. Daha sonra dolların məzənnəsi haqda Mərkəzi Bankdan alınmış arayış, Gözəl Bayramlının haqqında əvvəllər cinayət işi başlanmaması, saxlandıqdan sonra Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən üzərində heç bir xəsarət olmaması haqda sənədlər, onun gömrük-keçid məntəqəsində saxlandıqdan sonra telefon danışıqları haqda məlumat da elan olunub. İş materialında göstərilib ki, G.Bayramlı saxlandıqdan sonra ona yaxınları ilə əlaqə yaratmağa imkan verilib. Belə ki, o, saxlandıqdan sonra AXCP sədri Əli Kərimli, Gürcüstana gedib-qayıdarkən onunla yol yoldaşı olmuş Almaz Rəhimova və partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova ilə əlaqə saxlayıb. G. Bayramlı çantasına bağlama atıldığını görən kimi özü tez Əli Kərimliyə zəng edərək, bu haqda məlumat verdiyini məhkəmədə deyib. Bildirib ki, nəsə atdılar, amma nə olduğunu bilmir. Həmin vaxt ətrafdakılar ona mane olmağa çalışıblar, amma qısa da olsa, baş verənləri çatdıra bilib. Sonra xeyli vaxt ona əlaqə saxlamağa icazə verilməyib. Yalnız təhqiqatçı gələndən sonra gecə saat 1 radələrində qohumlarına zəng etməyə icazə verildiyi deyilib. G.Bayramlı həmin vaxt Ə.Kərimli və digərləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyib: “Mənim telefonum “Samsung” markalıdır və onda danışıqların avtomatik səsyazma funksiyası var. Mənim həmin gün Əli bəylə, Solmaz xanımla danışıqlarım da telefonun yaddaşındadır. Xahiş edirəm, elan olunsun”. Vəkil Elçin Sadıqov Gözəl Bayramlının təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı vəsatət verib. O DSX-nın 26 may 2017-ci il tarixdə G.Bayramlı haqda verdiyi bəyanat iş materiallarına əlavə edilməli olduğunu deyərək, DSX-nın bəyanatı 26 may saat 13.25-də yaydığını bildirib: “Həmin vaxt Gözəl Bayramlı heç təqsirləndirilən şəxs deyildi, ona ittiham elan olunmamışdı. DSX-nın bəyanatında isə öncədən CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmasından söhbət gedir. Bu bəyanatdan altı saat sonra eyni maddə ilə Gözəl Bayramlıya ittiham verilib” Bundan sonra hakim A. Səmədov vəsatətlərin müzakirə olunması üçün fasilə elan edib. Saat 15:28-dən başlayan fasilə müddəti saat 17:45-ə qədər davam edib və hakim vəsatətlərin təmin olunmadığını elan edərək, növbəti prosesin 23 yanvar saat 14:00-a təyin olunduğunu bildirib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonunun Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.