Daha bir Nardaran sakininə hökm oxundu

Nardaran kənd sakini Fail Şahbazov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib

Rakurs TV-nin məlumatına görə, bu gün Fail Şahbazovun məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə Nardaran sakini 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. 

May ayının 16-da keçirilən prosesdə prokuror müttəhimə 2 il 9 ay həbs cəzası verilməsini istəmişdi. Fail Şahbazov CM-nin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunub. İttihama görə, Fail Şahbazov silah-sursat gizlətdiyini etiraf edib. Onun nişan verdiyi yerdən – Nardaran qəsəbəsində bağlar ərazisindən ov tüfəngi və qumbara tapılıb. Amma Fail Şahbazov məhkəmədə bildirib ki, o “etirafa” təzyiq altında imza atıb. Dediyinə görə, onu döyüblər, dişlərini sındırıblar, şaxtalı qış günündə lüt saxlayıblar. Onu müdafiə edən Fariz Namazlı isə bildirib ki, bu qərar Şahbazovlar ailəsinə qarşı qərəz və qisasçılıqdan xəbər verir. Vəkil Fail Şahbazovun Tale Bağırzadə və digər 17 nəfərin işi üzrə gedən məhkəmə prosesi zamanı sosial şəbəkələrdə məlumat və "Nardaran hadisəsi" zamanı öldürülən 4 nəfərin dağıdılan qəbrlərinin şəkillərini paylaşdığına görə həbs edildiyini deyib. 

Xatırladaq ki, Fail Şahbazov noyabrın 23-də saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Daha sonra barəsində 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi açılıb. Fail Şahbazovun atası Atabala Şahbazov və 2 qardaşı Əli və Natiq Şahbazov 2015-ci il noyabr ayının 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra həbs olunub. Atabala Şahbazov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Şahbazovun hazırda davam edən "Naradran işi-2"də mühakimə olunur. Natiq Şahbazovun isə hazırda Sabunçu RPİ-də istintaqı aparılır.