Daha bir Nardaran sakini hәbs olundu

Nardaran  hadisələri zamanı öldürülən Rəfael Bünyatovun oğlu Hüseynağa Bünyatov həbs olunub.

Bu barədə Rakurs TV-ə H. Bünyatovun yaxınları məlumat verib. Məlumata görə, 1998-ci il təvəllüdlü H. Bünyatov noyabrın 20-i polis tərəfindən saxlanılıb. Daha sonra İnzibati Xətalar Məcəllləsinin 535.1-ci (polisә tabesizlik) maddәsi ilә ittiham olunaraq 30 sutka həbs cəzası alıb. Yaxınları nın sözlərinə görə, onun həbsinə səbəb sosial şəbəkələrdə aktiv fəaliyyəti, sonuncu dəfə Nardaranda polislər tərəfindən öldürülən atasının və digərlərinin şəklini paylaşması olub.

2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda ikisi polis, dördü isə yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və hərəkatın üzvü Abbas Hüseynovun hər biri 20 il, digərləri isə 10 ildən 19 ilədək azadlıqdan məhrum edilib.

T.Bağırzadə və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.