“Çox istəyərdik ki, onun da adı əfv siyahısına salınsın...”

“Çox istərdik ki, imzalanacaq əfv siyahısında Saday Şəkərlinin də adı olsun”. 
 
Bu sözləri artıq iki il üç aydır ki, həbsdə qalan tanınmış şair Saday Şəkərlinin həyat yoldaşı Əminə xanım deyib. Əminə xanım bildirib ki, Saday Şəkərli səhhətindəki problemlərə görə həbsxanada çox əziyyət çəkir:
 
“May ayında əfv olacağını biz də eşitdik. Amma Sadayın əfv olunacağı haqda məlumatımız yoxdur. Çox istəyərdik ki, onun da adı əfv siyahısına salınsın. Artıq gücümüz qalmayıb. Günahsız yerə iki il üç aydır həbsdə yatır. Fazil Məmmədovun törətdiyi cinayət əməllərindən biri də Sadayın günahsız həbsidir. Heç olmasa, bunu nəzərə alsınlar”.
 
Əminə xanım dünən həyat yoldaşını həbsxanada ziyarət etdiyini deyib:
 
“Dünən həbsxanaya getmişdim. Saday hamıya salamını çatdırdı. Səhhətində də problemlər var, dərman qəbul edir. Bu da bir taledir yaşayırıq. İnanırıq ki, haqq öz yerini tapacaq”. 
 
Xatırladaq ki, Gununsesi.info-ya hökümətdəki mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, əfv sərəncamı may ayında mərhum dövlət başçısı Heydər Əliyevin 95 illiyi münasibəti ilə imzalanacaq. Siyasi məhbsulardan hansının qarşıdakı əfvdə azadlığa çıxma ehtimalına gəlincə, mənbəmiz deyib ki, İlqar Məmmədov, daha bir neçə siyasi fəal və jurnalistin azad olunacağı gözlənilir.