Çovdarovun zərərçəkmişi ona ömürlük həbs verilməsini tələb edir

MTN işi üzrə zərərçəkmişlər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin rəhbəri olmuş general Akif Çovdarova 12 il həbs cəzası verilməsindən narazı qalıblar. Onlar Çovdarovun ömürlük azadlıqdan məhrum edilməsini istəyirlər.

Zərərçəkmişlərdən Salman Səfərov deyir ki, hökmdən verdikləri apellyasiya şikayətində də bu tələbi yazıblar.

S.Səfərov «8-ci kilometr bazarı» kimi tanınan ticarət mərkəzinin sahibi olub. Cinayət işinin materiallarına görə, Səfərov qardaşlarını MTN-ə gətirib, orada təzyiqlə bazarı əllərindən alıblar. Son nəticədə bazarın səhmlərinin 50 faizi A.Çovdarovun qızı Aidə Qasımovanın, qalan yarısı da o vaxt milli təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

33 MİLYON NECƏ QAZANILIB

Çovdarov və MTN-də onun tabeliyində işləmiş üç nəfər (polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov) haqqında məhkəmənin yekununda həmin bazarın dövlətin balansına keçməsinə qərar verildi. Bu da zərərçəkmiş Səfərov qardaşlarını narazı salıb. Onlar bazarın özlərinə qaytarılmasını tələb edirlər.

S.Səfərov Çovdarova quldurluq ittihamı üzrə bəraət verilməsinə də etiraz edir. Deyir ki, bir tərəfdən Çovdarovun quldurluq yolu ilə 33 milyon manat əldə etdiyi göstərilir, o biri tərəfdən quldurluq ittihamına xitam verilir:

«Biz ona quldurluq maddəsi ilə də cəza verilməsini istəyirik».

MTN generalının cəzasının ağırlaşdırılmasını istəyən zərərçəkmişlərin tələbi təkcə Çovdarovun ömürlük həbsi deyil. Səfərov qardaşları H.Əsədovun da cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.

«Bazar bizim əlimizdən Eldar Mahmudovun göstərişi ilə alınıb. Bu məsələdə Hilal Əsədovun da birbaşa əli var. O, illərlə bazarın 50 faizinə sahib olub, amma indi məsuliyyətdən kənarda qalıb. Biz onun da məsuliyyətə cəlb olunmasını istəyirik. Apellyasiya şikayətimizdə bunu da yazmışıq. Fakt budur ki, Akif Çovdarovla Hilal Əsədov bazarı öz aralarında bölüblər», – S.Səfərov bildirib.

Zərərçəkmişin sözlərinə görə, prokurorluq onlara dəymiş maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat hesablayıb. Amma məhkəmə onların nə mülki iddiasını təmin edib, nə də bazarın qaytarılmasına qərar verib.