Çovdarovdan qalmaqallı açıqlama: "Niyə cinayət işi açmırsız?"

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Akif Çovdarov öz məhkəməsində «8-ci kilometr bazarı»nın ələ keçirilməsi ittihamından danışarkən illər öncə baş vermiş səs-küylü həbslərə toxunub.

İttihama görə, bazarı iş üzrə zərərçəkmiş qismində tanınan Səfərov qardaşlarının əlindən zorla alıb A.Çovdarovun qızı Aida Qasımova və sabiq nazir müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçiriblər.

«300 MİN İSTƏDİ»

A.Çovdarov özünün və vaxtilə MTN-də onun tabeliyində işləmiş polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun məhkəməsində bu ittihamdan danışıb. O bildirib ki, Cəfər Səfərov və qardaşlarının özü bu bazarı vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin köməyi ilə əsl sahibi Çingiz Əsədovun əlindən zorla almışdı. Ç.Əsədov da buna görə MTN-ə şikayət etmişdi:

«O şikayətin araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Ardınca da Cəfər Səfərovu çağırdıq, dedi ki, bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Qonşu otaqda da Çingiz Əsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər pis vəziyyətə düşdü. Çingiz hər şeyi onun üzünə dedi. Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin».

 

«8-ci kilometr bazarı»

A.Çovdarovun sözlərinə görə, bu məsələ haqda rəhbərliyə məruzə edib:

«Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdi. Bazar alınan gündən bəri hər ay Çingizə 5 min pul verilib. Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın».

«HEÇ NƏ EDƏ BİLMİRDİLƏR»

A.Çovdarov «hörmətli adam» dedikdə kimin nəzərdə tutulduğunu da açıqlayıb. Deyib ki, Səfərov qardaşları keçmiş nazir Fərhad Əliyev və qardaşı – «Azpetrol»un ovaxtkı rəhbəri Rafiq Əliyevin köməyi ilə Çingiz Əsədovgilin başına oyun açıblar:

«Fərhad və Rafiq Əliyev qardaşlarının Səfərovla birlikdə törətdikləri əməlləri ifşa eləmişdik. Buna görə bizə təşəkkür düşür. Ondan əvvəl Fərhad Əliyev və Əli İnsanov, Hacı Məmmədovun dəstəsi ilə bağlı işləri aparmışdıq. Qısa müddətdə bu, üçüncü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun dəstəsinin əməlləri, adam öldürməsi ilə haqda prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Biz isə bu işi gördük, onları ifşa elədik».

A.Çovdarov onu da deyib ki, vaxtilə müəyyən səbəblərdən Ç.Əsədovun qardaşının oğurlanması məsələsini açıb-ağarda bilməyiblər.

«Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsinizsə, siz edin», - MTN generalı prokurora müraciət edib.

Çovdarov və daha üç nəfərin məhkəməsi iyunun 21-də davam edəcək.

XATIRLATMA

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadliqRadiosu