EURO : 1,9854 TRY : 0,2218 USD : 1,7 RUB : 0,0223
Cəmiyyətdə təşviş və qorxu yaradan informasiyaları tirajlamayın – Media eksperti

Cəmiyyətdə təşviş və qorxu yaradan informasiyaları tirajlamayın – Media eksperti

Qulu Məhərrəmli: "Əgər yayılan məlumatlar cəmiyyətdə təşviş, qorxu və kütləvi panika yaradırsa, o zaman bu informasiyaları tirajlamaqdan çəkinmək çox vacibdir”

 

Son vaxtlar dünyanın əsas müzakirə mövzusuna çevrilən və müxtəlif ölkələrə sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı vəziyyət Azərbaycanda da ciddi narahatlıq yaradıb. Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı müxtəlif tədbirlər görür. Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərarı da görülən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilir. Bu məsələdə  vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları atması olduqca vacibdir.  Bunun üçün isə cəmiyyətdə dezinformasiyaların yayılmasına son qoymaq, qəbul edilən qərarlara əməl etmək və ictimai məsuliyyət hissini anlamaq lazımdır.

Mövzu ilə bağlı Rakurs.tv yə danışan tanınmış jurnalist , professor və media eksperti Qulu Məhərrəmli bildirib ki, cəmiyyətə yalan məlumatların, şaiyələrin yayılması, medianın təşviş yaratması, sosial şəbəkələrdə bununla bağlı dezinformasiyaların tirajlanması yolverilməzdir. Operativ Qərərgahın təlimatında da göstərilir ki, bu cür şəxslər qanuna müvafiq tərzdə cəzalandırılacaqlar: “Bu gün cəmiyyət, insan həyatı və toplum üçün ciddi bir dövrdür. Bu məsələdə həm mətbuat, həm cəmiyyət, həm də sosial şəbəkədə profili olan vətəndaş özünü səfərbər etməlidir. Yalan məlumat yaymağın yolverilməz olduğunu dərk etmək lazımdır. Virusla bağlı məlumatlar yazarkən yalnız faktlara istinad olunmalıdır. Hətta gerçək faktlar olduğu halda belə bunu yazıb-yazmamağı hər bir vətəndaş düşünməlidir.  Əgər yayılan məlumatlar cəmiyyətdə təşviş, qorxu və kütləvi panika yaradırsa, o zaman bu informasiyaları tirajlamaqdan çəkinmək çox vacibdir. Yəni ilk növbədə ictimai məsuliyyət olmalıdır. Mediaya aid olan ikinci önəmli məsələ isə peşəkarlıqdır. Yəni biz faktları necə toplamalı və çatdırmalı olduğumuzu bilməliyik. Bu bir böhrandır və təhlükə zolağıdır. Hesab edirəm ki, hər kəs öz vicdanı qarşısında cavabdeh olmalıdır. Çünki yayılan yalan bir məlumat cəmiyyətdə kütləvi təlaş yarada bilir və insanların qeyri-adekvat qərarlar qəbul etməsinə gətirib çıxarır”.

 

Qulu Məhərrəmlinin sözlərinə görə, indiki vəziyyət çox təhlükəlidir və eksterimal bir şəraitdir: “Bu şəraitdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Tövsiyyələri nəzərə almaq, qavramaq və əməl etmək çox vacibdir. İndiyə qədər bu xəstəliklə bağlı edilən zarafatları kənara qoymaq, vəziyyətin ciddiliyini dərk etmək və şüurlu şəkildə davranmaq lazımdır. Həm şəxsi gigiyena, həm məlumatları toplayıb yaymaq , həm də mediadakı davranışlar baxımından yüksək məsuliyyət hissi olmalıdır”.

Facebook