Cəmil Həsənli: İmzalanmış bəyanat problemin həllində nöqtə yox, vergüldür

Cəmil Həsənli: İmzalanmış bəyanat problemin həllində nöqtə yox, vergüldür

"Bütün dünya Rusiya təhlükəsindən, Rusiya təcavüzündən, Rusiya yaraqlılarından qurtulmağın yollarını aradığı bir məqamda Azərbaycan rəhbərliyi "könüllü” şəkildə "varyaqları” öz ölkəsinə dəvət edir. Bu, Azərbaycana, yoxsa Əliyev ailəsinə lazımdır?! Bunu yaxın gələcək göstərər...” 
 
Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında raxılaşmanı şərh edən Milli Şuranın sədri Cəmil Həsənli özünün "Feysbuk” hesabında belə yazıb. 
 
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşmasına əsasən Rusiya sülhməramlılarının Azərbaycanda yerləşdirilməsi bir çoxları tərəfindən narazılıqla qarşılanıb. 
 
1993-cü ildə Azərbaycandan çıxarılmış Rusiya qoşunlarının "sülhməramlı” statusuyla yenidən qayıtması Azərbaycanın müstəqilliyi üçün təhdiddirmi? 
 
"Cənab Əliyev bəyan edib ki, bu sənədlə Dağlıq Qarabağ münaqişəsinin həllinə nöqtə qoyulur, Azərbaycan ərazilərinin işğalına son qoyulur. Lakin qeyd edilən sənədlə dərindən tanış olanda aydın olur ki, imzalanan bəyanat problemin həllində nöqtə yox, vergüldür”-  Cəmil Həsənli belə yazıb. 
 
Onun sözlərinə görə, Ermənistanda yaxınlaşmaqda olan siyasi böhran bəyanatdan imtinaya gətirib çıxarmayacaqsa, perspektiv baxımından sənəddə Azərbaycan üçün xeyli uğursuz məqamlar var. 
 
Cəmil Həsənli xüsusilə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinə diqqət çəkib. 
 
"Biz vaxtilə keçmiş vilayətdə Rusiya sülhməramlılarının, Arkadi Volskinin (Karabaxskini) timsalında xüsusi idarəetmə komitələrinin acı təcrübəsini, Gürcüstanın Abxazya və Cənubi Osetiya nümunələrini görmüşük. Əgər bu məsələyə aydınlıq gətirilməsə, deməli, hələ Azərbaycan anaları körpə oğullarının timsalında gələcək qurbanlar böyütmək səksəkəsindən azad deyildir”. 
 
C.Həsənli hesab edir ki, hərbi əməliyyatların aktiv mərhələsində Rusiyanın məsələyə birbaşa müdaxilə etmədiyini müsbət hal kimi qeyd etmək olar, amma Azərbaycan ordusunun azad etdiyi bütün erməni hərbi istehkamlarında məhv edilən və qənimət kimi ələ keçirilən bütün silah, sursat, hərbi texnika Rusiya istehsalıdır və Azərbaycan xalqının başına töküləcək yüz min tonlarla mərmilər Ermənistana əvəzsiz verilib:
 
"Belə anlaşılır ki, Azərbaycanın mərkəzində qara yaraya çevrilmiş "Artsax" coğrafiyasını, məsələn,  Xocalını Rusiya sülhməramlıları həmin ərazidə taleyi bəlli olmayan Ermənistan yaraqlıları ilə birlikdə Azərbaycandan qoruyacaq və bununla da Azərbaycan yeni uzun bir dövr ərzində təzyiq altında saxlanacaq”. 
 
C. Həsənli həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi son 30 ildə Rusiyanın əlində həm Ermənistana, həm də Azərbaycana nəzarət etmək üçün təsirli bir mexanizmə çevrilmişdisə, bu Bəyanatla Rusiyanın son 30 ildəki qeyri-rəsmi nəzarətinə artıq rəsmi status verilib. 
 
"Böyük Şəhriyar demiş: İt əlindən qurtarıb qurda da bir şey boyun olduq”. 
 
O, Türkiyənin danışıqlar masasından kənarda saxlanılması məsələsinə də toxunub. 
 
"Son hərbi əməliyyatlar və ondan öncəki bütün məsələlərdə Azərbaycana birmənalı mənəvi, siyasi, diplomatik dəstək vermiş Türkiyənin prosesdə iştirakı barədə açıq bir söz deyilmir. İstər İlham Əliyevin, istər Azərbaycan XİN-in Türkiyənin artıq danışıqlarda olması barədə bəyanatlar verilsə də, göründüyü kimi, Türkiyə masadan kənar saxlanılıb”
 
Cəmil Həsənli hesab edir ki, Azərbaycanla Türkiyə arasında təhlükəsizlik müqaviləsi imzalanmasa, Rusiya sülhməramlıları Azərbaycana baha başa gələcək. 
 
O, məsələnin ən ağrılı, ən acınacaqlı tərəfinin böyük çətinliklər bahasına Azərbaycandan çıxarılmış Rusiya qoşunlarının "sülhməramlı” statusuyla yenidən Azərbaycana qaytarılması olduğunu deyib. 
 
Atəşkəs bəyanatını şərh edən millət vəkili Asim Mollazadə "Toplum TV”-yə açıqlamasında bildirib ki, sazişin icrası və vəziyyətə nəzərətlə bağlı yaradılan qurumda Türkiyə sülhməramlıları da təmsil olunacaq.
O həmçinin qeyd edib ki, Rusiya sülhməramlıları ermənilərin yaşadığı bölgədə və Laçının bir hissəsində yerləşdiriləcək, Rusiya sərhədd qoşunları Azərbaycanla Naxçıvan arasındakı ərazinin təhlükəsizliyini qoruyacaq və Azərbaycanın Naxçıvanla əlaqəsinə nəzarət edəcək.
 
"Rusiya sülhməramlıları vaxtı bəlli olan missiya ilə gələrək əslində ermənilərin təxribatının qarşısını alacaq. Çünki təhlükə daha çox Ermənistan tərəfindən gözlənilir, Azərbaycan artıq öz qələbəsini əldə edib. Bu, Rusiya hərbi bazası deyil ki, parlamentdə müzakirə olunsun; atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alacaq qısamüddətli missiyadır”. 
 
Noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-da Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan bəyanat imzalanıb. Tərəflər hazırda tutduqları mövqelərdə qalacaqlar. Bəyanatda həmçinin qeyd olunur ki, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycana qaytarılır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.

Facebook