Cəbhədə baş verən erməni təxribatları nəyə hesablanıb? – Ekspertdən Rakurs.tv-yə açıqlama

Cəbhədə baş verən erməni təxribatları nəyə hesablanıb? – Ekspertdən Rakurs.tv-yə açıqlama

 Tərlan Eyvazov: “ Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərindən sonra düşmən adətən bu cür təxribatlara əl atır”

 

Bir neçə müddətdir ki, cəbhə xəttində erməni təxribatının ardı-arası kəsilmir. Düşmən tərəfi ilə qarşıdurmada Azərbaycan ordusu şəhid versə də, erməni hərbi qüvvələrinin itkiləri də çox olur. Lakin Münhen görüşündən sonra ermənilərin təxribatının artması fonunda, ordumuzdan gələn şəhid xəbərləri cəmiyyətdə narahatçılıq doğurur. 

 

Cəbhə xəttində son zamanlar düşmən təxribatının artmasına münasibət bildirən “Qorqud” Araşdırmalar Mərkəzinin sədri, ehtiyatda olan zabit Tərlan Eyvazov Rakurs.tv-yə açıqlamasında maraqlı mətləbləri açıqlayıb. Ekspert bildirib ki, cəbhədə son zamanlar artan təxribatlar fonunda erməni ordusu öz layiqli cavabını alır:” Belə ki, Ermənistan ordusu qat-qat artıq itkiyə məruz qalır. Qeyd edim ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərindən sonra düşmən adətən bu cür təxribatlara əl atır. Bu təxribatların görüşlərin pozulmasına yönəldiyi gün kimi aydındır”.

 

 

Tərlan Eyvazov qeyd edib ki, Azərbaycandan fərqli olaraq, erməni cəmiyyəti yeknəsək deyil: “Ermənistan və Qarabağ klanı arasında olduqca böyük ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlərin dərinliyi çox böyükdür. Paşinyan isə sələflərindən fərqli olaraq özünü daha çox diqqətcil göstərməyə çalışır. Ona görə də müxtəlif ziddiyyətli bəyanatlar səsləndirir. Bütün bunlara rəğmən xüsusən müxalifətdə olan Qarabağ klanının Paşinyanı qəbul etmədiyi açıq-aşkar görünür. Hər vəchlə onu vurmağa, eləcə də Minsk qrupu və münaqişənin həllində mühüm rol oynayan dövlətlər arasında gözdən salmağa çalışırlar. Buna görə də cəbhə xəttində belə təxribatlar törədilir”.

 

Ehtiyatda olan zabitin sözlərinə görə, Ermənistan cəmiyyətində müxtəlif maraqlı qruplar, terrorçu qüvvələr mövcuddur: “Bütün bunlar isə düşmən ölkədəki qeyri-sabitliyin göstəricisidir. Erməni ordusunun, təhlükəsizlik qüvvələrinin iri ranqlı məmur və zabitlərinin istefa verməsi onu göstərir ki, düşmən ölkədə vəziyyət çox qarışıqdır. Bütün bu qarışıqlıqlar fonunda Paşinyan insanların fikirlərini yayındırmaq və başqa səmtə yönəltmək üçün cəbhə xəttində bu cür təxribatlara fətva verir. Lakin düşmən təxribatlarının qarşısı alınır və layiqli cavab verilir”.    

Facebook