Cəbhəçilərin məhkəməsinin vaxtı bilindi

Cəbhəçilərin məhkəməsinin vaxtı bilindi

Hazırlıq iclası yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq

“Aqil Məhərrəmov və digərlərinə qarşı olan cinayət işi üzrə hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasıda 07 yanvar 2019-cu il tarixində saat 12.00-da baş tutacaq”. Bu barədə Aqil Məhərrəmlinin vəkili Aqil Layıc Facebook hesabında yazıb.

Bu cinayət işində prosesə Eldar İsmayılovun sədrliyi ilə Cavid Hüseynov və Samir Əliyevdən ibarət hakim heyəti çıxacaq.

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla eyni cinayət işi üzrə təqsirləndirilən AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənov məhkəmə qarşısına çıxarılacaq.

A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

Uzun illərdir Moskvada bizneslə məşğul olan S.Rüstəmlini DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs etmişdi. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi. S.Rüstəmlinin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları eyni ittihamla həbs etdi.

Onlar sonra mayın 25-də, eyni gündə AXCP-nin üç funksioneri həbs olundu. Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. Onların həbsindən şikayət verilmişdi. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Azadliq.info

Facebook