EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Bəxtiyar Hacıyev seçkilərdə baş verənlərlə bağlı Rakurs.tv-yə danışdı

Bəxtiyar Hacıyev seçkilərdə baş verənlərlə bağlı Rakurs.tv-yə danışdı

Növbədənkənar Parlament seçkiləri artıq başa çatsa da,  deputatlıq mandatı uğrunda mübarizə aparan namizədlərin çəkişməsi hələ yekunlaşmayıb. Səbəb isə  bir çox dairələrdə seçki nəticələrinin saxtalaşdırılması və bunu sübuta yetirən kifayət qədər dəlilin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunmasıdır.  Mübahisə predmeti olan dairələrdən biri də, 29 saylı Səbail seçki dairəsidir. Artıq MSK-ya təqdim olunan dəlillər əsasında bu dairənin bir neçə məntəqəsinin nəticələri ləğv olunub. Lakin namizədlər dairənin ümumi nəticələrinin ləğvi barədə MSK-ya şikayət ərizəsi ünvanlayıblar. 

 

Bu dairədən namizəd olan siyasi fəal Bəxtiyar Hacıyev Rakurs.tv-yə açıqlamasında bildirib ki, MSK –ya bir çox məntəqələrdəki saxtakarlıqları sübuta yetirən videolar  əsasında  24 müraciət təqdim edilib: “MSK tərəfindən araşdırma aparılıb və bir neçə məntəqənin nəticələri ləğv olunub. Lakin mən bu qərarla razılaşmıram. Çünki saxtakarlıq bütün məntəqələrdə baş verib. Sübutları təqdim etdim, Komissiya üzvləri bu saxtakarlıqları gördüklərini desələr də, ekspert rəyində əks olunmadığını dilə gətirdilər. Dünən MSK-nın  iclasda verdiyi qərara əsasən 6 məntəqənin nəticələri tamamilə ləğv olundu. Digər məntəqələrlə bağlı isə araşdırmalar aparılaraq yekun qərar qəbul ediləcək”.

 

Bəxtiyar Hacıyev qeyd edib ki,  29 saylı Səbail seçki dairəsindən 9 namizəd şikayət verib: “Ortada təkzib edilməz sübutlar mövcuddur. Məntəqə sədrləri bir say oxuyur, protokollarda isə başqa rəqəmlər çıxır. Birinci növbədə bu dairə həm də ona görə ləğv olunmalıdır ki, 29 saylı Səbail seçki dairəsində ölkə prezidenti və onun ailə üzvləri səs verib. Ona görə də bu dairənin üzərindən damğa qalxmalıdır. Arpadarai Nigara şərait yaradılmışdı ki, o normal şəkildə qələbə qazansın. Amma o qələbə qazana bilmədi. Özünü islahatçı kadr kimi təqdim etsə də, köhnə deputatların yolu ilə getdi. Bunu da elə etdilər ki, hər kəs saxtakarlığı gördü. Biz də bütün nəticələri topladıq və sübut etdik ki Arpadarai Nigar saxtalaşdırılmayan 6 məntəqədə  cəmi 95 səs toplayıb. Bir məntəqədə saxtalaşdırma müşahidə edilib, lakin protokollar üst-üstə düşür. Odur ki, həmin məntəqəni də hesablasaq, 7 məntəqədən cəmi 157 səs alıb. Amma yerdə qalan 6 məntəqədə pozuntu olub.  Bu məntəqələrdən 145 səs Nigar Arpadarainin leyhinə hesablanıb. Buradan da seçkilərin nəticələrinin açıq-aşkar saxtalaşdırıldığını görmək mümkündür”.

 

Bəxtiyar hacıyev əlavə edib ki, nəticələri ləğv olunan məntəqələrdə təkrar seçki keçiriləcəyi təqdirdə şəffaflıq mütləq təmin olunmalıdır: “Çünki beynəlxalq ictimaiyyətin və təşkilatların gözü bu dairələrdədir. Əgər nəticələri  ləğv olunan dairələrdə təkrar seçki zamanı şəffaflıq təmin olunmayacaqsa, o zaman bunu etməyin heç bir mənası yoxdur. Hakimiyyət Parlamentdə kimisə görmək istəyirsə, bunun demokratik seçkilər keçirilməsi çərçivəsində də müxtəlif üsulları var. Daha yaxşı kampaniya aparmaq, çox işləməklə insanların səsini qazanmaq olar. Əgər nəticələr tam ləğv olunması Avropa məhkəməsinə müraciət edəcəm. Lakin mənim hədəfim bu məsələni MSK-da həll etməkdir”.

Facebook