“Bütün şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz”

“Bütün şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz”

“Vətən Müharibəsi Qəhrəmanı” ordeni və medallar təsis edildi

“Bakıda Qəhrəmanlar Parkı salınsın və İkinci Qarabağ savaşında şəhid olanların adları burada əbədiləşdirilsin”.

Parlamentin noyabrın 26-da keçirilən iclasında deputat Razi Nurullayev belə təkliflə çıxış edib.

O qeyd edib ki, hər bir şəhid ailəsi öz övladının adının əbədiləşdirilməsi ilə bağlı müraciət edir:

“Şəhidlərin birinin adı əbədiləşdirilib, digəri edilməyəndə inciklik yaranır. Amma park salınaraq bütün şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz . Bu təklifimi Nazirlər Kabinetinə də göndərəcəyəm”.

Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, həm şəhid ailələri, həm yaralılarla bağlı bütün məsələlər Ali Baş Komandanın nəzarətində və diqqətindədir.

O qeyd edib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik etməyə ehtiyac yaranarsa, parlament bunu mütləq edəcək.

Spiker Sahibə Qafarova da bildirib ki, bu, çox həssas məsələdir və bütün məsələlər nəzərdə saxlanılacaq.

İclasda Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediməsi və "Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallarının təsis edilməsi ilə əlaqədar qanun layihələri III oxunuşda təsdiqlənib.

Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə”, “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.

Layihəyə əsasən:“”Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə” veriləcək.

“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir və eyni şəxsə bir dəfə verilir. Bu ordeni almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

Facebook