“Bütün dayanacaqlara "Bakı Kart" terminalı qoya bilmərik” - BNA

Məlumdur ki, "Bakı Kart" terminalları Bakı Metropoliteni ərazisi ilə yanaşı, avtobus dayanacaqlarında da quraşdırılıb. Lakin bəzi dayanacaqların həmin aparatlarla təmin edilmədiyi müşahidə edilir. Eyni zamanda, müəyyən dayanacaqlarda həmin terminallar mövcud olsa da, daha sonra söküldüyünü deyənlər də var. Bu da öz növbəsində sərnişinlərə problem yaradır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev Modern.az-a deyib ki, bütün dayanacaqlarda "Bakı Kart" terminalları quraşdırmaq mümkün deyil:

“Bizim qurum yalnız “Bakı Kart” terminallarına cavabdehdir. Həmin terminallar kart sistemi ilə çalışan maşurut xətti üzrə dayanacaqlarda müəyyən məsafələr nəzərə alınmaqla qoyulur. Yəni hər bir dayanacağa terminallar yerləşdirilmir. Düşünürəm ki, bu, bizim insanlarda problem yaratmamalıdır. Sadəcə bizdə tənbəllik var. Sərnişinlər avtobusdan bir dəfə istifadə edəcəklərsə, karta da 20 qəpik yükləyirlər. Amma vaxtında ehtiyat yaratmaq lazımdır.
Bütün metro stansiyalarında “Bakı Kart” terminalları mövcuddur. Terminalların alınıb gətirilməsi müəyyən məbləğə başa gəlir. 400 metrdən bir həmin aparatların qoyulması da düzgün deyil, israfçılıq olar. Bu səbəbdən müəyyən məsafə nəzərə alınaraq qoyulur ki, insanlar terminallardan rahat istifadə edə bilsin”.

Hazırda Bakıda kart sisteminin tətbiq edilmədiyi avtobuslar da mövcuddur. Maraqlıdır, həmin avtobuslar nə zaman kart sisteminə keçəcək?

M.Ağayev məsələyə aydınlıq gətirib. O bildirib ki, bu istiqamətdə əsas maneə avtobusların yenilənmə prosesidir:

“İndiki halda təxminən 18 maşurut xətti üzrə avtobuslarda vahid ödəniş sistemi tətbiq edilir. Digərlərinin bu sistemə qoşulması istiqamətində işlər aparılır. Burada əsas maneə yaradan avtobusların yenilənmə prosesidir. Avtobuslar yeniləndikcə, kart sisteminə keçid təmin ediləcək. Bu prosesin nə qədər çəkəcəyi haqqında konkret nəsə demək çətindir. Çünki avtobusların yenilənməsi müəyyən vaxt aparır. Yeni avtobusların alınması mümkün olmayanda daşıyıcılar tərəfindən avtobuslar əsaslı təmir olunur. Belə olduğu halda həmin avtobuslarda kart sisteminin təmini tətbiq edilir”.