Əbülfəz Sadıqbəyli ev dustaqlığına buraxılmadı

Dekabrın 7-də Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
 
Müdafiə tərəfin verdiyi bu vəsatət məhkəmə tərəfindən təmin olunmayıb.
Qeyd edək ki, Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, "Nikoil Bank" adından saxta sənəd hazırlayıb ondan istifadə etməkdə təqsirləndirilir. İttihama görə, gənc fəal bankın krediti ilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilir. 21 noyabr 2018-ci il tarixdə Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. 26 noyabrda Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.