Əbülfəz Bünyatov Zülfüqar Mikayılzadə barədə yazır

2015-ci ildə baş verən Nardaran hadisələri zamanı həbs olunan, sonradan ev dustaqlığına buraxılan Əbülfəz Bünyatov Rakurs TV-ə yazı göndərib. Yazını olduğu kimi oxuculara çatdırırıq:

Hər bir fərdin qəlbində məhəbbət qazanan gözəl insan, dəyərli ata, səmimi dost, mübariz ruhani, vətənpərvər oğul, təvazökar yoldaş və bir çox gözəllikləri özündə ehtiva edən Quran hafizi Hacı Zülfüqar Mikayılzadə 1978-ci il İyun ayının 5-də Lənkəranda, Girdəni kəndində dünyaya göz açır. Əxlaqi dəyərlərini bu gözəl ailənin təməl prinsiplərindən alan Hacı Zülfüqar ilk orta təhsilini 1985-ci ildə kənd orta məktəbində başlayır. Elə kiçik yaşlarından elm, bilkilə yanaşı mənəvi dəyərlərə diqqət və sevgisi onu bir çox dost və tanışlarından fərqləndirir. Geniş zəkası və durmadan çalışması sinif əlaçıları içində onu xüsusi cərgəyə qaldırır.

1996-ci ildə o, orta məktəbi müvəffəqiyyətlə, yüksək təltifnamə alaraq bitirir. Elmə olan sonuz eşqi Hacı Zülfüqari dini və dünyəvi elmlərin seçimi arsında qoyur. O, mənəviyyat dolu dini elmləri seçir. İbtidai dini təhsilini Lənkəranda başlasa da, sonradan sistemləşmiş təhsil almaq üçün Cəlləbad rayonundakı mədrəsəyə üz tutur. Altı il burada təhsil alır. Tam ruhani təhsilini burada bitirib, 2002-ci ildə öz kəndlərinə-Girdəniyə qayıdır. Lakin elmin davamı, xüsusi bilgilərin əldə olunma istəyi onu rahat buraxmir. 2002-ci ilin yayında ailə həyatı quran Quran Hafizi həmən ilin payızında təhsilinin davamı üçün İran İslam Respublikasının Qum şəhərinə yola düşür.

O, burada daha geniş və əhatəli elmlərə yiyələnmək, dini bilgilərin əldə edilməsi üçün ciddi cəhdlər göstərir. Eyni zamanda Quran və bu elmlərə marağı tətil dövrlərində onun hövzədə qalaraq müəllimlərinin məsləhəti ilə Quranı əzbərləməsi ilə nəticələnir. O, təkcə Quranı əzbərləməklə yox, eyni halda ayələrin hansı şəraitdə və zamanda, nə səbəbə görə nazil olmasını araşdırmaqla məşğul olur. Bununla yanaşı mədrəsədə vətənpərvərlik mövzularında keçirilən elmi seminarlarda da yaxından iştirak edir və Qarabağın, işğalda olan torpaqlarımızın Erməni vandalizminə məruz qalmasını dünyanın yüzdən çox ölkəsindən burada təhsil alan tələbələrin diqqətinə çatdırır.

2008-ci ildə dini təhsilini bitirən Hacı Zülfüqar vətəninə, Azərbaycana qayıdır. İlk söhbətlərini doğma kəndi olan Girdənidə başlayan ilahiyyatçı az bir zamanda hadisələrə fərqli rakursda yanaşması ilə diqqqət çəkir. Onu mərkəzə, paytaxta dəvət edən inanclılar dini bilgisinin daha böyük adutoriya ilə paylaşmasını istəyirlər. 2008-ci ilin sonlarında Bakıya köçür. Burada vəziyyətin qarışıq olması ona daha diqqətli və iti addım atmağa sövq edərəkən gənc Quran hafizi məqsədlərində əzmini hər kəsə nümayiş etdirir. Bu yol xütbələrin oxunuşu ilə başlayan, gərgin bir mübrizə tələb edən xətt üzərində yürüyərək bir çox ağrılı-acılı problemlərin həllini qaçınılmaz edir. O, bu yöndə bütün gücünü səfərbər edir.

Hacı Zülfüqar Mikayılzadə ictimayətdə baş verən neqativ halları öz söhbətlərində qeyd edərək, həllini İlahi kitab olan Qurandan götürüb cəmiyyəti bu yöndə maarifləndirməyə çağırır. Müharibə şəraitində olan ölkəmizdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun aşılanamasını prioritet mövzu olaraq qeyd edir. Xocalı soyqrımının ildönümündə məclislərin təşkili, 20 Yanvar şəhidlərinin ildönümündə Şəhidlər xiyabanına yürüşdə hər bir fərdin iştirakının zərurətini qeyd edərək özü də bu istiqamətdə öncüllərdən olur. Xüsusi olaraq Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun şəhadət dönəmində çıxışları, şəhidin evində olaraq ailəsinə önəmli diqqət və qayğının göstərilməsi, dəfndə iştirakı bu işə cəmiyyəti əyanı yönəltməsinə nümunədir. Bununla yanaşı valideyn qayğısından məhrum olan uşaqlara sevgisi və uşaq evlərinə səfərləri də Əhli beyt (ə) aşiqi olan bu qəlbin məhəbbətindən qaynaq tapırdı.

2011-ci ildə ölkədə konstitusiyon hüquqların ziddinə olaraq orta məktəbdə baş örtüyünə qoyulan qadağaya kəskin etirazı ilə Hacı Zülfüqar bu işin yol verilməz olduğunu bildirərək, hakim qüvvələri bu işdə xalqın yanında olmağa çağırır. Lakin cavab əks olur. Qısa bir zaman kəsiyində ilahiyyatçı həbs olunur. Bir neçə ay sürən məhkəmə nəhayət onu beş il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasi ilə cəzalandırır. Lakin şərti həbsdən azad olan ilaiyyatçı boynunda olan İlahi vəzifələrin təbliğində bir anlıq olsun belə süstlüyə yol vermir. Dini çıxışlarla yanaşı ictimai fəsadları da ümumi kütləyə çatdırmağa çalışan Hacı Zülfüqar bunun həlli yolllarında səfərbərlik və mənəvi ruhun inkişafını əsas hal kimi xarakterizə edir.

2013-cü ildə Hacı Zülfüqar Mikayılzadə Bakının Maştağa qəsəbəsində yerləşən Hz Əbəlfəz adına məscidə cümə namazı qılmağ təklifini alır. Bir cümə imamının məsuliyyətini anlayan ilahiyyatçı bir neçə gün düşündükdən sonra təklifə müsbət cavab verir. Həbs olundğu günə qədər həftəlik Cümə tribunası onun xalqın problemləri, ictimai hadisələrin geniş rakursdan təhlili üçün xüsusi məkan olur. O, fikirlərini İlahi kəlamların yer aldığı müqəddəs Quranın ali hədəfinə əsaslandıraraq, xalqın rifah və bərabərliyini cəmiyyətdə fəsad və əyləncənin yerinə inanc və əqidəni yaymaqda gördüyü bildirir. Vətəni sevməyin ibadət olduğunu bildirən bir dinin ardıcıllarının Qarabağ kimi problemin həll istiqamətində hər şeyini qurban verə biləcəyini dəfələrlə qeyd edir. Müqəddəs amalı mənəviyyat olan bir məktəb xalqını azad və xöşbəxt görməyi hədəfləyə bilər. Görünür bu fikirlər hələ də kimlərdəsə qıcıq yaradır. Bütün bu düşüncələrə ikrah hissi çox keçmir ki, ilahiyyatçı, Quran Hafizi Hacı Zülfüqar Mikayılzadəni heç bir əsası olmadan saxta ittihamlarla həbs edirlər. Gülünc məhkəmə prosesinin davam etdiyi bir dönəmdə Hacının heç bir cinayəti sübuta yetmədiyi aydın və gözənilən idi. Lakin təəssüf, 2015-ci il 26 Noyabr tarixində Nardaranda baş verən məlum olay zamanı evinin qarşısından bütün hüquqi dəyərlərin ziddi olaraq Hacı Zülfüqar həbs olunur.

Biz hələ də ədalətin qələbə çalacağı Allahın qüdrətinə inanır və bu yalan dolu məhkəmənin günahsız məhbusları, xüsusi olaraq Hacı Zülfüqar Mikayılzadənin tezliklə ailəsinə, üç fidan balasına, yaxınlarına qovuşacağına ümid edirik.

Əbülfəz Bünyatov