Əbülfəs Qarayev: "Qarabağdakı abidələrlə bağlı UNESKO ilə danışıqlar aparırıq"

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində plenar iclas işə başlayıb.
 
Bu barədə "Report.az" xəbər verir.
 
"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu yolverilməzdir".
 
Xəbərə görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
 
Nazir qeyd edib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".
 
Tədbirə dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə qatılıb.
 
Sessiyada UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd faylın nəzərdən keçiriləcəyi deyilir. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyətinin müzakirə ediləcəyi qeyd olunur.