Bu il Suriyada 2 mindən çox uşaq öldürülüb

Bu il Suriya müharibəsində 39 min nəfər öldürülüb, onların 10 min 507-si dinc sakinlərdir.
 
Bunu Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı bildirib.
 
Ölənlərdən 2 min 109-u uşaq, 1492 nəfəri qadındır.
 
Bu təşkilat münaqişədə ölənlərin statistikasını aparır. Dekabrın 28-də açıqlanmış məlumatda o da bildirilir ki, ölənlərin 2 min 923 nəfəri hökumət əsgəri, 7 min 494-ü yaraqlılar olub. Yaraqlılar əsasən İslam Dövləti (İŞİD) ekstremist qrupunun və al-Qaida-ya bağlı bir qrupun üzvləridir.
 
Qurum ötən illə müqayisədə bu il müharibədən ölənlərin azaldığını vurğulayır. Ötən il 49 min 742 nəfər həlak olmuşdu.
 
2011-ci ilin martında Suriyada vətəndaş müharibəsi başlanandan bu ölkədə 400 min nəfər qətlə yetirilib.
 
Münaqişə nəticəsində ölkənin 22 milyonluq əhalisinin yarıya qədəri evindən didərgin düşüb, 5 milyon suriyalı ölkədən qaçıb.