“Bu gün köşklərin çoxunda qəzet əvəzinə “bakuş” və siqaret satılır” - Mehman Əliyev

Jurnalistlərin VII qurultayında medianın problemləri ilə bağlı səslənən məsələlərdən biri də qəzet yayımının genişləndirilməsi, metro stansiyalarında qəzet satışına icazə verilməsinin zəruriliyi ilə bağlı oldu.
 
Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qəzet yayımı ilə bağlı problemin kompleks şəkildə həllinə ehtiyac olduğunu vurğuladı:
 
“Yayım məsələsində xeyli problemlər mövcuddur. Metroda qəzet satışına icazə verilməsi özlüyündə bu problemi həll etməyəcək. Bu problemin həllinə geniş şəkildə baxmaq lazımdır. Bizdə köşklər sayına görə beynəlxalq standartlardan geridə qalır. Bizdə təxminən 20 min adama bir ədəd köçk düşür. Hətta elə qəsəbələr var ki, orada 50 min adama bir köşk düşür. Beynəlxalq standartlara görə isə 1500-2000 adamı bir köşk düşməlidir. Necə ki, Avropada bu, belədir. Biz bu standartların bərpasına nail olmalıyıq. Bu günkü köşklərin çoxu isə qəzet yox, “bakuş” və siqaret satılır. 
Hər hansı bir qəzetə abunə yazılan şəxslərə bu qəzetlərin çatdırılması məsələsi də öz həllini tapmalıdır. Bu sistem tam dağılıb. Qəzetləri evlərə çatdırılması təmin olunmur. Evlərə qəzet-jurnallar getmir. Bu, ciddi bir problemdir. 
Metroların girişində köçşklər yerləşdirilsə, o zaman metroya daxil olan şəxslər rahat şəkildə istədikləri qəzeti ala bilər. Biz köşklərin sayını standartlara uyğun olaraq artırsaq, o zaman metronun daxilində qəzet satışına bir o qədər də ehtiyac qalmaz”.