Böyük qardaşa möhtac olmaq…

Böyük qardaşa möhtac olmaq…

Müəllif: Xalid Nuriyev

Bu gün Soçidə Belarus rəhbəri Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Bu, prezident seçkilərindən sonra Lukaşenkonun ilk xarici səfəri idi.

Səfər öncəsi Kremlin baş propaqandistləri Marqarita Simonyan və Roman Babayan, eləcə də müxbirlər Yevgeni Rojkov və Anton Vernitskiyə müsahibəsində Lukaşenko prezident kreslosunda çox oturduğunu etiraf edərək hakimiyyətin sivil yolla ötürülə biləcəyini istisna etməyib. O bildirib ki, tezliklə yeni Konstitusiya layihəsi üzərində iş başlayacaq, sonra referendum təşkil ediləcək. Simonyanın növbədənkənar prezident seçkilərinin mümkün olub-olmayacağı barədə sualına isə “istisna edilmir” cavabını verib. Seçkilərdən öncə Minskdə həbs edilən “vaqnerçilər”lə bağlı suala cavabında Lukaşenko seçkiöncəsi ritorikasını dəyişərək bu dəfə günahı amerikalılarla ukraynalıların boynuna atmaqla, vəziyyətdən çıxmağa çalışıb.

Görüşdən bir neçə saat əvvəl prezident seçkilərinin real qalibi Svetlana Tixanovskaya Putinə müraciət edərək Soçidə Lukaşenko ilə əldə ediləcək heç bir razılaşmanın legitim sayılmayacağını söyləyib. O əlavə edib ki, müxalifət bütün razılaşmaları təkrar gözdən keçirəcək.

Beləliklə, Bakı vaxtı ilə saat 15:00 radələrində Soçidə görüş baş tutdu. Görüşün protokol hissəsində iki ölkə arasındakı müxtəlif səviyyəli əməkdaşlığı ifadə edən şablon cümlələrdən istifadə edilsə də, Putinin protokol çıxışı daha çox diqqətəlayiq idi. Putin açıq bəyan etdi ki, Belarusda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya Belarusun ən böyük investoru kimi qalacaq. Üstəlik, Rusiya lideri Belarusda planlaşdırılan Konstitusiya islahatının məntiqli olmasının vacibliyini vurğuladı. Müdafiə və digər məsələlərdə həmrəy olduqlarını bəyan edən Rusiya prezidentinin çıxışında digər diqqət çəkən məqam isə Rusiyanın Belarusa 1,5 milyard dollar kredit verəcəyinin anonsu oldu.

Lukaşenko isə öz növbəsində həmin cümlələrin təkrarından o yana keçməyərək, yalnız özünəməxsus “sovxoz sədri” dilində Belarusun Rusiyanın sadiq müttəfiqi olmasına diqqət çəkdi və bir epizodda Putinlə 1998-ci ildə inteqrasiya sənədlərini imzalamasından danışdı. (Putin onun səhvini düzəltdi.) Digər cümləsində isə “biz sizinlə nə qədər didişsək də, müdafiə məsələlərində həmişə birliyimizi qorumuşuq” dedi. Lukaşenko həmçinin, Minskdəki hadisələri Putinə izah edəcəyini bildirdi. Sonra isə Minskdə baş verənlərin nəinki Belarus, hətta Rusiya və  digər Avrasiya İttifaqı, eləcə də MDB ölkələri üçün təhlükəli tendensiya ola biləcəyini vurğuladı. Görüşün növbəti hissəsi qapalı davam etdi.

Bağlı qapılar arxasında mümkün müzakirə mövzuları

Əslində bu görüşün hazırlığı Lukaşenko üçün bir gün əvvəldən başlamışdı. Belə ki, dünən etiraz aksiyalarında milis və OMON-un dozası artırılmış qəddarlığı yəqin ki, Lukaşenkonun Putinə ölkədə vəziyyətə tam nəzarət etdiyinə dair mesajı idi. Kreml rəsmi şəkildə Lukaşenkonu prezident kimi təbrik etsə də, baş propaqandistlər hələ ki hadisələri qabaqlamağa tələsmir və mümkün olan bütün variantları müzakirə edirlər. Lukaşenko da əlbəttə, bundan xəbərdardır və hər vəchlə seçkiöncəsi “topa tutduğu” böyük qardaşına yarınmağa çalışır, hələ ki inauqurasiyaya da tələsmir.

Öz növbəsində, bu görüş Rusiya prezidenti üçün də önəmli idi. Artan gərginlik fonunda Putin də dünya ictimaiyyətinə Belarusdakı vəziyyəti tam nəzarət altında saxlamağa müvəffəq olduğunu göstərməli idi. Əlbəttə ki, bugünkü görüşün bağlı qapılar arxasında əsas mövzusu Belarusda daxili gərginliyin necə aradan qaldırılmasının müzakirəsi olub. Rusiya prezidenti bu yaxınlarda dövlət televeziyasına verdiyi geniş müsahibədə bildirmişdi ki, Lukaşenko Konstitusiya islahatı həyata keçirəcək. Daha sonra eyni fikri Lavrov da səsləndirmişdi. Kreml hər vəchlə Belarusda yeni Konstitusiyanın vacibliyini vurğulamağa çalışır. Elə Belarus prezidentinin Rusiya mediasına son müsahibəsi də göstərdi ki, artıq “Batka” vəziyyətlə barışıb və Konstitusiya islahatına hazırdır. Sadəcə, detalları böyük qardaşı ilə müzakirə etmək qalırdı. Yəni, böyük ehtimalla bugünki görüşdə Lukaşenko və onun ailəsinə prezidentlikdən sonra təhlükəsizlik zəmanəti verilməsi məsələsinin müzakirəsi də aparılıb.

Görüşdə müzakirəsi mümkün olan digər məsələ isə Rusiyanın çoxdan planlaşdırdığı inteqrasiya prosesi ola bilər. Moskva çoxdan bu ssenari üzərində işləsə də, Lukaşenkonun ölkənin müstəqilliyini təhlükə altına atacaq hər hansı inteqrasiya proyektinə razılaşacağı inandırıcı görünmür. Əlbəttə, bütün bunları zaman göstərəcək.

Belarus xalqının ənənəvi bazar günü 

 
 

Belarusda avqustun 9-dan başlamış və hər bazar günü izləməyə alışdığımız növbəti izdihamlı marş sentyabrın 13-də baş tutdu. Hər dəfə jurnalistlər və ekspertlər tərəfindən etirazların səngiyəcəyi ilə bağlı ehtimallar səslənsə də, bazar günləri baş verənlər ssenarinin sanki başqa yöndə irəlilədiyini deməyə əsas verir.

Belarusda hadisələrin gedişatını diqqətlə izləyənlər bilməmiş deyil ki, onsuz da durğunluq dövrü yaşayan ölkə iqtisadiyyatı üçün avqustun 9-dan sonra qara günlər başlayıb. Belarus rublu dollar qarşısında durmadan dəyər itirir (etirazlar başlayandan bu günə qədər 20%), əhali banklardan pullarını geri çəkir, mağazalarda isə ərzağın qiyməti sürətlə bahalaşır. Hələ bu azmış kimi, hökümət etirazlara paralel “dəstək aksiyaları” düzəltmək üçün də külli miqdarda vəsait xərcləyir. Digər yandan isə tətil edən iri dövlət müəssisələrinə Rusiyadan bahalı işçi qüvvəsi cəlb edir. Dolların bahalaşmasına əsas səbəb təkcə əhalinin panikası deyil,  həm də etirazçıların “Telegram” kanalları vasitəsilə məqsədyönlü “dollarlaşma” təbliğatı aparmasıdır. Görünən odur ki, Lukaşenko doğrudan da etirazların miqyasını anlamaq istəmir.

Artıq cin şüşədən çıxıb, xalq qorxmur, küçələrdədir və mütləq bir həqiqət var ki, Belarus xalqı daha əvvəlki kimi olmayacaq. Lukaşenkonun az qala hər çıxışında öyündüyü “26 illik stabillik”dən əsər-əlamət qalmayıb.