Borca görə uşaq bağçalarının işığını kəsdilər

“İki dövlət qurumunun bir-birinə borcu varsa, burada körpələrin günahı nədir?”

“Elektrik borcuna görə uşaq bağçasının işığını kəsiblər. Uşaq neçə gündür xəstədir. Nə qədər iynə-dərman almışıq. Bu nə özbaşınalıqdır, harda görünüb ki, uşaq bağçasının, körpələr evinin işığını kəsələr?”

Bunu Bizimyol.info saytına müraciətində Ağdaş rayon sakini Fəqan Məmmədov deyib. O qeyd edir ki, Ağdaş Elektrik Şəbəkəsinin müdiri Mirkazım Qubadovun rayonda borcu idarə-müəssisələrinin hamısının işığını kəsilməsi ilə bağlı göstərişi uşaq bağçalarına da aid edilib. F.Məmmədov deyir ki, onun övladı Ağdaş şəhər 1 saylı uşaq bağçasına gedir. “Yeni tikilmiş, bütün standartlara uyğun bağçadır. Dedilər ki, bağça tikilərkən inşaat işləri zamanından bağçanın işıqpulu borcu qalıb. İstilik kombi sistemidir. Ancaq elektrik kəsildiyi üçün kombi də qızdırmır. İki həftədə bie neçə dəfə işığı kəsiblər. Uşaqlar də soyuq bağçada xəstələnirlər. Axı iki dövlət qurumunun bir-birinə borcu varsa, burada körpələrin günahı nədir?”.

Digər valideyn Əhmədiyyə Çələbiyev də bildirir ki, iki uşağı həmin bağçadadadır. “2 uşağım soyuqdan qırılır. İşıq olmadığı üçün nə istilik sistemi işləyir, nə su var. Bir sözlə, acınacaqlı bir vəziyyətdir.”

Ötən həftənin sonu Ağdaş çəhərində daha bir neçə bağçanın işığı kəsilib. 5, 6, 9 və 11 saylı bağçaların işığı isə dünən bərpa edilib.

Məsələ ilə bağlı Ağdaş Elektrik Şəbəkəsinin rəhbəri Mirkazım Qubadovla əlaqə saxlasaq da, telefona cavab vermədi.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verib. O qeyd edib ki, uşaq bağçaları kimi müəssisələr hər zaman bu kimi məsələlərdə nəzərə alınsa da, obonentlər arasında fərq qoymaq olmur: “Uşaq bağçaları, məktəblər, sosial vəziyyəti yaxşı olmayan əhali mütəmadi olaraq nəzərə alınır. Əlbəttə ki, körpə uşaqların nə günahı var? Amma istənilən abonentə dəfələrlə xəbərdarlıq etdikdən sonra isə elektiki kəsməli oluruq. Çünki obonent bütün hallarda işlətdiyi eletrikin pulunu ödəməlidir. əgər pul ödənilməsə, biz elektrik təminatını necə həyata keçirə bilərik? Ona görə də, abonentlərə fərq qoymadan, borc ödənilməlidir” – deyə Tanrıverdi Mustafayev bildirib.