BMT kimyəvi hücuma görə Bəşər Əsədi ittiham edir

BMT-nin komissiyası bildirib k, Surya hökumət qüvvələri son dörd ildə əsas etibarilə mülki vətəndaşlara qarşı 20 kimyəvi hücuma görə məsuliyyət daşıyır.

Suriya üzrə müstəqil araşdırma komissiyasının çərşənbə günü açıqladığı hesabatda deyilir ki, bu hücumların bəzisi bu ilin mart və iyul ayarında Xan Şeyxun, Əl-Latamne və Qutanın şərqində baş verib. Komissiya bu nəticələrə şahidlər, hadisə qurbanları və tibb işçiləri ilə keçirilən müsahibələr, eləcə də peyk vasitəsilə çəkilmiş görüntülər, bombaların qalıqlarının fotoları və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının hesabatlarına əsasən gəlib.

Prezident Bəşar Əl-Əsəd hökuməti kimyəvi silahlardan istifadə edildiyini dəfələrlə rədd edib.

Aprel ayında Xan Şeyxunda hücumdan sonra Birləşmiş Ştatlar Suriyadakı Şayrat hərbi hava qüvvələrinin bazasına Tomahawk tipli qanadlı raketlərlə zərbələr endirmişdi.

BMT komissiyası bildirib ki, kimyəvi hücumlarla yanaşı Suriyada münaqişə beynəlxalq humanitar və insan haqları qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunur və bundan ən çox mülki əhali əziyyət çəkir.

Komissiyanın hesabatında Suriya hökuməti, üsyançılar və İslam Dövləti qrupu tərəfindən istifadə edilən mühasirə taktikası xüsusi qeyd edilib. Hesabatda deyilir ki, bu taktika mülki əhaliyə münaqişədə iştirak edən tərəflərin tətbiq etdiyi bütün başqa vasitələrdən daha faciəli şəkildə təsir göstərir.

Komissya hazırda 600 mindən çox suriyalının mühasirəyə alınmış yerlərdə yaşadığını bildirib.Hesabatda həmçinin Suriya və Rusiya hərbi təyyarələrinin xəstəxanalar və tibbi personalı hədəf almaqda davam etdiyi göstərilir.

Komissiya eyni zamanda, Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın hava hücumları və bunun mülki əhaliyə təsirləri ilə bağlı narahatlığını bildirib.