Bloggerin qardaşı saxlanılıb

Fevralın 23-də Almaniyada mühacir həyatı yaşayan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı saxlanılıb. Onu 19-cu polis bölməsinin əməkdaşlarının iş yerindən apardığı deyilir.
 
Bu barədə Meydan TV-yə Elgiz Sadıqlının atası Əlövsət Sadıqlı məlumat verib.
 
O, oğlunun bu gün saat 16 radələrində aparıldığını bildirib:
 
"Yaşadığımız mənzil fevralın 18-dən polis mühasirəsindədir. Yalnız Elgiz Sadıqlı saxlanılandan sonra polis bizi rahat buraxıb. İlk günlər 8-10 maşın vardı, sonradan 2 maşın qaldı. Ancaq oğlum saxlanandan sonra evin ətrafında polis yoxdur. Onu 4-cü mikrorayonda, iş yerindən aparıblar. Elgiz haqda 2015-ci ildə çıxarılan 2 il şərti cəza dekabrda başa çatsa da, hüquq-mühafizə orqanları iyulda bitəcəyini iddia edirlər. Eyni zamanda, ölkədən çıxışına qadağa qoyulub”.
 
Ə.Sadıqlı saatlardır axtarsa da, oğlunu tapa bilmədiyini deyir:
 
"102-yə də zəng etmişəm. Heç bir məlumat ala bilmirəm. Onu 19-cu bölmənin əməkdaşları götürüb, amma boyunlarına almırlar. Hazırda bölmədəyəm”.
 
Elgiz Sadıqov 1978-ci ildə doğulub. O, jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışırdı.
 
Elgiz Sadıqlı 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ancaq Apelyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad edib.
 
Daha öncə də xaricdə yaşayan insanların ailələrinə təzyiqlər olmuşdu.
 
Sonuncu belə hal hazırda Niderlandda yaşayan videobloger Orduxan Teymurxanın ailəsində yaşanıb. Onun yeznəsi Məhəbbət Əliyev, eləcə də bacıları blogerdən imtina etsələr də, övladları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada həbs edilib.
 
Fransada yaşayan Məhəmməd Mirzəlinin ailə üzvləri də təzyiqə məruz qaldıqlarını deyiblər. Onun da yeznəsi həbs edilib. Ondan əvvəl isə atası saxlanılmışdı.
 
Meydan TV-nin direktoru Emin Milli, yazar Günel Mövlud və "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları, jurnalist Sevinc Osmanqızının bacısı da vaxtilə təzyiqlərə məruz qalıb.
 
Prezident İlham Əliyev isə o fikirdədir ki, hansısa insana pis yanaşmaq olar, onunla rəqabət aparmaq olar, amma məsələyə ailə üzvlərini qarışdıranda, bu, həmin insanların hansı mənəvi dəyərlərə malik olduğunu göstərir. Bu barədə fikirlər rejissor Vaqif Mustafayevin sabiq prezident Heydər Əliyev haqda çəkdiyi sənədli filmdə yer alıb. 
 
İlham Əliyev 15 ildir Azərbaycanın prezidentidir. Beynəlxalq təşkilatlar onun hakimiyyəti dövründə tənqidi səslərin boğulduğunu, şəxslərin və yaxınlarının siyasi təqiblərə məruz qaldığını bildirir.