Bələdiyyə sədri Rəsulzadənin barelyefi ilə bağlı AÇIQLAMA VERDİ

Abşeron rayonunun Novxanı qəsəbəsi bələdiyyəsinin sədri Şahin Tağıyev görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara münasibət bildirib.

 

O, “Report”a açıqlamasında bu məsələnin mübahisəli olduğunu qeyd edib: "Yeni barelyef hazırlanarkən bir neçə nəfərlə məsləhətləşmişik. Bir neçə mənbədən dəqiqləşmə apardım, hərə bir söz dedi. Biri dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə “Azərbaycan Demokratik Cümhurriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur. Hamı bilir ki, bu şəxs kimdir... Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nəsə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı...”.

 

Ş.Tağıyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məlumat əvvəlki barelyefdə də səhv olub: “Oğurlanan barelyefdə də yanlış yazılmışdı. Həmin barelyefdə “Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı” qeyd olunmuşdu. Belə deyil axı. Guya əvvəl gəlib baxmışdılar ki, yalnış və ya doğru yazılıb? Bəlkə oğurlanmasaydı, müzakirə olunmayacaqdı... O barelyef AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən qoyulmuşdu”.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanvarın 15-də Abşeron rayon, Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

 

Hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb.

 

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Novxanı bələdiyyəsi barelyefi yenidən hazırlayıb. Barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə yaşamışdır” ifadə yazılıb. Yanlışlıqlar olduğu üçün Novxanı bələdiyyəsi tənqid olunub, buna görə də bələdiyyə barelyefi götürməli olub.