Bələdiyyə sədri qəbiristanlığın zibillənməsinə görə cəzalandırıldı

Bələdiyyə sədri qəbiristanlığın zibillənməsinə görə cəzalandırıldı

Yayılmış videogörüntülərin araşdırıldığı deyilir

Cəlilabad bələdiyyəsinin sədri İlham Babayev məzarlığın zibillənməsinə görə inzibati məsuliyyətə cəlb olunub. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2 (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələrilə iş başlanıb.

Bugünlərdə bir sıra media orqanlarında Cəlilabad qəbiristanlığının zibillənməsi ilə bağlı videogörüntülər yayılıb. Sözügedən videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində araşdırma aparılıb.

Məlum olub ki, yaxınlıqda yaşayan sakinlər zibilləri aparıb qəbiristanlıq ərazisinə atır. Həmin ərazi bələdiyyənin mülkiyyətindədir. Bələdiyyə sədri İlham Babayev sakinlərin tullantıları ora atmasının qarşısını almaq üçün heç bir tədbir görməməkdə günahlandırılır. İddia olunur ki, bələdiyyə sədri torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edib.

Vəzifəli şəxslər üçün İnzibati Xətalar Məcəlləsinin 247.1 maddəsində vəzifəli şəxslər üçün 600 manat, 516-1.2 maddəsində isə 500 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulub.

Prokurorluğun ittihamına bələdiyyə sədrinin münasibətini öyrənmək mümkün olmayıb.

Facebook