Biz nəyə inanmağa çalışırıq?

Xalq arasında "Bandotdel" adlanan idarədə baş verən işgəncə faktları artıq o həddə çatıb ki, bu idarəni Gestaponun "layiqli" davamçısı adlandırmaq olar.

Məncə müdafiə etdikləri şəxslərin işgəcə görməsi faktlarına dayanaraq vəkillər bu idarə haqqında hüququn verdiyi imkanlar daxilində bir soruşturma tələb etməlidirlər. Bilirəm, çoxunuz deyəcəksiniz ki, kimdən kimə şikayət edək ki?

Razıyam, amma susmaq da yol deyil...

Keçən gün siyasi məhbus, “7 gün.az” saytınn rəhbəri və artıq 2 ildən çoxdur ki, azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin xalq arasında “Bandotdel” adlanan idarədə gördüyü işgəncə faktları ilə bağlı keçirilən konferansda onun Azərbaycan xalqına müraciətini oxudum. İşgəncələr, dırnaq çıxarılmalar, döyülmələr... 

Bir də bir fakt vardı. Ona yedirtmək istədikləri yeməyin içinə tüpürüb zorla ona yedirmək çəhdi...

Mən “Nardaran işi”ndə 6 ay davam məhkəmə iclaslarında iştirak etmişəm. Orda danışılan işgəncə faktlarını bəzən sakit dinləmək, əllərini bir-birinə sıxmadan durmaq olmurdu. Həmin idarənin işgəncə verib hələ üstəlik təşəxxüs satan, “dubinkam sınıb, mənəvi zərər çəkmişəm” deyən əməkdaşlarını dinlədikcə “insan yer üzünün əşrəfidir” deyib bu inanc uğruna can verən səfillərə acıyırdım doğrusu...

Bir insanın yemənin içinə tüpürüb onu ona yedirmək istəyən insanın nə mənəviyyatı da ola bilər ki, o mənəvi ziyandan da danışsın?!

Bir dindara spirtli içki içirmək üçün ona işgəncə edən birini bəzən vicdan nağılında baş qəhrəman seçməyə bizi nə vadar edir axı?

Biz nəyə inanmağa çalışırıq?

Ya da bəlkə gerçəkləri düzgün dəyərləndirə bilmədiyimizə görə hələ də Azərbaycan iqtidarı ilə anladığı dildən danışa bilmirik?!

Zümrüd Yağmur