"Bir saatdan sonra maşınımdan disklərin və dini ədəbiyyatların tapıldığını dedilər" - Video

"Maşınımın yanında o üç nəfər qalan kimi bildim ki, maşınıma nə isə qoyacaqlar"

Bu sözləri iyunun 1-də keçirilən məhkəmə prosesində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli deyib.

Rakurs TV-nin məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesə hakim Aytən Əliyeva sədrlik edib. 

Prosesdə F. Əmirlinin özü və vəkilləri Fəxrəddin Mehdiyev, Aqil Layıcov, iddiaçının nümayəndəsi Elçin İsayev, dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vəkil F. Mehdiyev vəsatət verərək, Əmirlinin şüşə kabinədən çıxarılaraq vəkilləri ilə birlikdə oturmasını və səhhəti ilə əlaqəli olaraq məhkəmə prosesinin sürətlə davam etməsini istəyib. Vəsatət təmin olunub və Əmirli vəkilləri ilə birlikdə zalda əyləşib. Daha sonra vəkil ittiham aktında olmayan əlavə şahidlərin məhkəməyə dəvət edilməsini deyib.

Vəkil Aqil Layıcov vəsatət verərək cinayət işində təqdim olunan maddi sübutların onlara təqdim olunmasını hakimdən xahiş edib. Daha sonra Faiq Əmirli çıxış edib. O, çıxışında məlum gün 6 nəfərin onun idarə etdiyi maşına yaxınlaşaraq həbs olunduğunu, maşınının açarını və telefonunun ondan alındığını bildirib: “Onlardan 3-ü maşının yanında qaldı, qalan 3-ü də mənimlə birlikdə ağır cinayətlərə dair işlər üzrə idarəyə gəldilər. Burada artıq maşınımın açarlarını qaytardılar. Maşınımın yanında o üç nəfər qalan kimi bildim kİ, maşınıma nə isə qoyacaqlar. Təxminim düz idi, çünki bir saatdan sonra maşınımdan göy torbada disklərin və sözügedən dini ədəbiyyatların tapıldığını dedilər”. 

F. Əmirli ifadəsindən sonra vəkillərinin və ittihamçının suallarına cavab verib, daha sonra isə şahidlər – Süleyman Cəbrayılov, İslam Ağabəyov, Arif Mahmudov, Azay İmanov, Cavid Hüseynov məhkəmə zalına dəvət olunaraq ittihamçının və vəkillərin suallarını cavablandırıblar.

Hakim Aytən Əliyeva növbəti prosesin 12 iyunda davam edəcəyini elan edib.

Qeyd edək ki, Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Ona qarşı CM-nin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli , irqi, sosial və dini mənsubiyyətdən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.