"Bir qalanın sirri"ni tapdım... - Video

Ötən il Mərdəkanda olanda növbəti gəlişimdə bu evdən reportaj hazırlayacağım haqqında Vidadi dayıdan söz almışdım, o da mənə söz vermişdi. Yenə yolum bu qədim Bakı kəndinə düşüb. Mərdəkan qəsəbəsində yerləşən və 12-ci əsrə aid “Böyük Mərdəkan Qəsri”nə yaxınlaşanda sol tərəfdə ilk nəzərdə adi evlərdən seçilməyən bir darvaza görürük. Sonradan öyrəndiyimə görə hər birimizin, uşaqdan böyüyə kimi sevərək maraqla izlədiyimiz, 1959-cu ildə görkəmli Azərbaycan kinorejissoru Əlisəttar Atakişiyev tərəfindən çəkilmiş məşhur Azərbaycan filmi olan “Bir qalanın sirri” bu evdə lentə alınıb. Ev qalaya nəzərət edən, hər kəsin “Vidadi dayı” deyə müraciət etdiyi Vidadi Əmrulla oğlunun yaşadığı həyət evidir. Dediyinə görə, 36 ilə yaxındır ki, bu qədim qalanın mühafizə işini görür. Bu işdə ona ailəsi də yaxından köməklik göstərir. Vidadi dayı buraya gələn hər ziyarətçidən öz diqqətini, qayğısını və köməyini heç zaman əsirgəmir. Artıq dəfələrlə buraya neçənci dəfədir ki, gəlirəm. Düşündüm ki, hər gün neçə ziyarətçi qalaya baxmağa gəlir, Vidadi dayı yəqin ki, məni xatırlamaz. Amma görən kimi məni tanıdı. Mehribanlıqla gülümsəyib salamlaşdı, işlərimlə maraqlandı. Ona verdiyi sözü xatırlatdım, çəkiliş üçün ondan izin istədim. Bir az gözləməyimi istədi, az sonra onunla birlikdə haqqında danışdığım evə yollandıq.
Qeyd edim ki, indi gördüyüm həyət filmdə gördüyümüzdən tamam fərqlidir: darvazanın qədim taxta qapısı dəmirlə əvəzlənib, o zamankı yaşıllığı, ağacları, kiçik hovuzu artıq yoxdur. Vidadi dayı deyir, buna görə çox peşimandır, bilsə idi heç bir dəyişiklik etməyib yadigar kimi saxlayardı…