Bir manatlıq taksilər tıxac yaradır?

Bir manatlıq taksilər tıxac yaradır?

“Bakıda 35-40 min qanunsuz taksi fəaliyyət göstərir”. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, tıxacların səbəblərindən biri də bu cür qanunsuz, 1 manatlıq taksilərin fəaliyyətidir. “Qanunvericilikdə o hissədə boşluq var. Onların cərimələnməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti mövcud deyil, biz məlumatlandırma rolunu oynayırıq. Bununla əlaqədar təkliflər verilib, yaxın zamanlarda dəqiq bilinəcək”, – deyə V.Kərimli əlavə edib.

Həqiqətənmi belədir? Doğrudanmı taksilər tıxaca səbəb olur? Ümumiyyətlə, bu sahədə problemlərin həlli üçün nə etmək lazımdır?

 

Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Press Klub”a açıqlamasında bildirdi ki, Bakı şəhərində 35-40 min taksi fəaliyyət göstərir, bunlardan 2-3 mini fərqlənmə nişanı alır, qalanları fərqlənmə nişanı olmadan, qanunsuz , dövlətə heç bir vergi ödəmədən fəaliyyət göstərir.

Ekspertin fikrincə, bu gün həmin taksilərə ehtiyac var, onlar öz keflərindən fəaliyyət göstərmir:

“Tələb varsa, müştəri tapıb fəaliyyət göstərə bilirlərsə, deməli, onlara tələbat var. Amma zamanla bu məsələlər öz həllini tapacaq. İctimai nəqliyyat tam gücü ilə işləyəndə, avtobuslar sərnişinləri rahat daşıyanda bu kimi işlər öz qaydasına düşəcək. Bu gün pandemiya dövrüdür və metro işləmədiyinə görə həmin bir manatlıq taksilər insanların köməyinə yetir”.

E.Muradlı gələcəkdə taksilər üçün müəyyən qaydaların müəyyənləşdirməli olduğunu qeyd etdi:

“Bu qaydalar olmasa, çox çətin olacaq. Çünki taksi fəaliyyəti üçün müəyyən norma və şərtlər var. Hamı bu qaydalara əməl etməlidir. Yoxsa, kimsə maşınının üstünə bir “şahmat” atıb, mən taksi sürücüsüyəm deyərək, yollara düşməməlidir”.

Şura üzvü bu kimi halların aradan qaldırılması üçün müəyyən yolların olduğunu söylədi:

“Birincisi, insanlar üçün iş yerləri yaradılmalı və onlar normal işlə təmin olunmalıdırlar. İkincisi, əgər tələbat varsa, onları normal taksi fəaliyyətinə cəlb etmək lazımdır ki, qanunsuz deyil, qanuni şəkildə bu fəaliyyətlə məşğul olsunlar. BNA hesab edir ki, Bakı şəhəri üçün 8 min taksinin fəaliyyət göstərməsi kifayət edir. Görünür, bu, müəyyən təhlillərin nəticəsidir. Yəni qurum bunu havadan demir, müəyyən təhlillərə əsaslanaraq deyir. Bu məsələni tənzimləmək üçün standartlar müəyyən etmək lazımdır”.

 

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli “Press Klub”a şərhində taksilərin tıxaca səbəb olması barədə deyilənlərlə razı olmadığnı vurğuladı:

“Bu fikir nəinki yanlışdır, ümumiyyətlə, tıxac problemi və şəhər təsərrüfatı haqqında təsəvvürlərin olmamasından irəli gəlir. Əgər həmin avtomobillər onsuz da yollardadırsa, fərqi nədir ki, onlar taksi fəaliyyəti ilə məşğul olur, yoxsa olmur? Deməli, bizim yol infrastrukturumuz uğurlu deyil, düzgün təşkil olunmayıb”.

Ekspertin sözlərinə görə, şəhərin nəqliyyat problemləri mövcuddur:

“Yerüstü nəqliyyatın az olması, metronun bağlanması, şənbə-bazar günü ictimai nəqliyyatın işləməməsi – bütün bunlar problemlərin dərindən təhlili zamanı önə çıxmalıdır”.

Cəfərli qeyd etdi ki, insanların taksi fəaliyyəti ilə məşğul olması heç də xoş güzarandan irəli gəlmir:

“Bu, iş yerlərinin olmaması, dolanışıq problemlərinin nəticəsidir. Şəhər təsərrüfatının idarə olunması sahəsindəki problemlər bu kimi çətinliklərin, o cümlədən tıxac probleminin yaranmasına gətirib çıxarır. Bu, çox dərin və bir neçə istiqamətli problemdir. Bu qədər dərin kökləri olan problemi taksilərə yükləmək ən azı məntiqsizlikdir”.

Facebook