Binəqədidə elektrik enerjisi şəbəkəsi yenidən qurulacaq

"Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır. 

 

Bu barəd mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

 

Onun sözlərinə görə, bu məqsədlə müasir KTM-lər (Komplekt Tranformator Məntəqəsi), SİP-kabellər, elektrik dirəkləri və digər zəruri mal-materiallarla yüklənmiş avtomobil karvanları günorta saatlarında “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə yola salınıb.

 

"Dəmir-beton dayaqlar, elektrik veriliş və kabel xəttləri ilə yüklənmiş avtomobil karvanı Binəqədi rayonunun Sulutəpə, Kənd Binəqədi, xocasən və Biləcəri qəsəbələrinə yola düşüb. Son illər həmin qəsəbələr sürətlə böyüyüb, çox sayda yeni yaşayış salınıb. Lakin əzruri infrastruktur yarasılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transfoematorlar abunəçilərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yüklənməyə davam gətirmirdi, habelə elektrik enerjisi itkiləri artırdı", - deyə o, qeyd edib. 

 

“Bildiyiniz kimi son illər prezident İlham Əliyevin Azərbaycanda hər bir abonentin sutkanın 24 saatı boyu elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasına dair qarşıya qoyduğu vəzifələrə uyğun olaraq “Azərişıq” tərəfindən həm ölkənin regionlarında, həm Bakı ətrafında yeni salınan qəsəbələrdə elektrik enerjisi şəbəkəsinin demək olar ki, sıfırdan yenidən qurulması həyata keçirilir. Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrdə işlər artıq yekunlaşıb. İndi isə Binəqədi rayonunun ərazisində yeni salınmış qəsəbələrin və məhəllələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Bu məqsədlə “Azərişığ”ın mərkəzi təchizat anbarından müasir avadanlıqlarla, zəruri mal-materiallarla yüklənmiş 12-yə qədər ağırtonnajlı yük maşını karvan şəklində həmin qəsəbələrə göndərilib”- deyə T.Mustafayev əlavə edib.

 

O, xatırladıb ki, bu, 2019-cu ilin tədbirlər planı əsasında həyata keçiriləcək yenidənqurma və təmir-tikinti işləri ilə bağlı yola salınan ikinci yük karvanıdır. Bundan əvvəl, yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar, mal-materialla yüklənmiş maşın karvanı yola salınmışdı.