"İş bilməyən gedir qabağa, bilən qalır kölgədə, həmişə belə olub..." - Video

Bakının qədim, köhnə binalarının yerləşdiyi Əlimərdan Topçubaşov 23 küçəsində insanların, maşın səslərinin səs-küyü içərisində bir kaman səsi eşidilir. Qələbəliyin, küçədə gedən təmirinin səs-küyü belə bu səsi boğmağa müvəffəq ola bilmir. Öz dünyasında, aləmindədir o. Kənarda sakit bir güşədə əyləşib gözlərini bir nöqtəyə zilləyərək, hərdən ətrafına sakit bir nəzər salaraq kamanı dilləndirən bu insanın yanından laqeyd ötmək mümkün deyildi, odur ki, onunla həmsöhbət olmaq qərarına gəldik…
Güləli Bayramov Dəvəçidə anadan olub, uzun müddət orada yaşayıb. Uşaq vaxtından bu alətə marağı böyük olduğundan kaman alaraq çalmağa başlayıb. Bir müddət sonra Bakıya gəlib ki şəhərdə bu sənəti daha mükəmməl öyrənə bilsin. Özfəaliyyət dərnəklərində, daha sonra “Sahil” adlı özfəaliyət ansanblında çalışıb. 90-cı ildə qərar gəlib ki, alətləri hazırlamağı öyrənsin. Deyir öz kamançasını söküb yığa yığa tar, Kaman alətlərini düzəltməyi öyrənməyi bacarıb, sonra xalq konservatoriyasında açılan kursda oxuyub. Güləli Bayramov aləti düzəltməyi öyrənsə də kamanı atmadığını söyləyir. Qədim musiqi alətlərinin bərpaçısı kimi tanınan Məcnun Kərimov, kaman ifaçısı Habil Əliyevlə birlikdə çalışıb. Deyir ən çox sevdiyi ifa Habil Əliyevin çaldığı “Segah”dır…