Bəhreyn hadisələrində ABŞ izi

Kralın Ər-Riyadda görüşündən sonra baş verən olaylarda 5 nəfər ölüb, 280 nəfər saxlanılıb, kiçik ada ölkəsində yaxın zamanlarda siyasi sabitlik yaranmayacaq

Bəhreyndə olaylar yenidən şiddətlənib. Mayın 23-də Bəhreyn məhkəməsi ölkənin nüfuzlu şiə fəalı, din xadimi Şeyx İsa Qasim barəsində həbs qərarı verməsi ciddi etirazlara səbəb olub. Etirazlar demək olar ki, ölkənin bütün şəhərlərinə yayılıb.

Baş verən etirazlara polis sərt müdaxilə edib, bir sıra məscidlərə, evlərə, o cümlədən Şeyx İsa Qasimin evinə basqınlar təşkil olunub. Qarşıdurmalar zamanı Əd-Dəraz şəhərində 5 etirazçı öldürülüb, 280 nəfər isə həbs olunub.

Qeyd edək ki, kiçik körfəz ölkəsi olan Bəhreyndə etirazlar 2011-ci ilin 14 fevralında başlayıb. Daha əvvəllər də olan etirazlar Bəhreyn krallığı tərəfindən amansızlıqla yatırılıb. 14 fevral 2011-ci ildə başlayan olaylar “ərəb baharı” dalğasında başlasa da, digər ölkələrdən fərqli olaraq Bəhreyndə hökumət qüvvələri olayları amansızlıqla yatırıb. Qarşıdurmaların gərginləşməsindən sonra Səudiyyə Ərəbistanı krallığı Bəhreynə 1000 nəfərlik hərbi birləşmə göndərib. Etirazlar silah gücünə yatırılıb, çoxlu sayda ölən və yaralananlar olub.

Sonrakı dövrdə Bəhreyn hakimiyyət qüvvələri etirazçı qrupları, xüsusən də şiə din xadimlərini məhkəməyə çıxararaq barələrində həbs qərarı çıxarıb. Şeyx İsa Qasim də uzun müddət təqib olunub, hökumət Qasimin ölkədən sürgün olunması qərarı çıxarsa da, güclü etirazlardan sonra qərar təxirə düşüb.

Maraqlıdır ki, uzun müddətdir təxirə salınan məhkəmə mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-Amerika Sammitindən dərhal sonra baş tutub. Bu isə məhkəmənin baş tutmasında Bəhreyn kralının Ər-Riyadda ABŞ prezidenti ilə görüşməsinin rol oynadığı haqda iddialara səbəb olub. Belə ki, Bəhreyn daha əvvəl İrandan sərt təpkilər və daxildə baş qaldırmalardan çəkindiyi üçün məhkəməni təxirə salırdı. Ancaq ər-Riyad sammitində Bəhreyn kralına yüksək səviyyədə təminat verildikdən sonra o, İsa Qasim haqqında qərara qol qoyub. 
Məsələ ondadır ki, oxşar proseslər Səudiyyə Ərəbistanında da gedir. Ər-Riyad ölkənin şərqində, şiələr yaşayan Qətif, Əvamiyyə bölgələrində son zamanlarda yerli aktivistlərə qarşı güc strukturları tərəfindən reydlər başlayıb.

Körfəz ərəb ölkələrinin iqtidarları yerli şiə əhalisini (Bəhreyndə əhalinin 70 faizdən çoxu, Səudiyyə Ərəbistanında isə 20 faizdən artığı şiələrdir – K.R) özləri üçün potensial təhlükə olaraq görür. İranın şiələr vasitəsilə bu ölkələrdə hakimiyyətə qarşı üsyan başladacağından qorxurlar. İran isə bu hadisələrlə əlaqəsinin olmadığını bəyan edib. İran XİN sözçüsü Bəhram Qasimi iddiaları təkzib etməklə yanaşı Bəhreyndə etirazçılara sərt müdaxiləni dayandırmağa və siyasi dialoqa başlamağa çağırıb.

Bəhreyndə əhalinin böyük çoxluğunu təşkil edən şiə əhaliyə qarşı hakimiyyətin sərt təzyiqləri var. 2000-ci illərin əvvəllərində yerli əhali hökumətin bahalı torpaq sahələrini sahiblərindən zorla almasına qarşı etiraz aksiyaları keçirsə də, hər dəfə İran amili və iqtidardakı kral hakimiyyətinin dini azlıq olması faktoru qabardılıb. Olayların İran tərəfindən qızışdırıldığı, şiə olmayan iqtidarın devrilməsinə çalışdığı faktoru ortaya atılaraq hadisələrə məzhəb donu geyindirilib və bununla da etirazların məzhəbçi və ekstremist hərəkat olduğu təbliğatı aparılır. Bu isə körfəz ölkələri, xüsusən də Bəhreyn hakimiyyəti üçün etirazları güc tətbiqi ilə yatırmaq üçün əsas yaradır. 

Musavat.com