Beynəlxalq Bank Gürcüstan və Rusiya “törəmələri”ni satışa çıxardır

Azərbaycan Beynəlxalq Bankının Rusiya və Gürcüstandakı törəmə bankları “MBA-Moskva” və “MBA-Georgia” bu il ərzində satışa çıxarılacaq.

Bu barədə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına dair ötən gün Londonda kreditorlara təqdim edilən planda yer alır.

Plana əsasən törəmə bankların satışı həmin bankların müştərilərinin kapitalının “ana” bankın borclarının restrukturizasiyasına baxmayaraq qorunub saxlanılmasını təmin edəcək. Bu barədə Azərbaycan hökumətinə yaxın mənbə ABC.az-a bildirib.

“Bu restrukturizasiyanın axırının hara gedib çıxacağını hələ bilmirik, kreditorlar planı imzalamayıblar. Bu gün hələ risk var ki, onlarla daha uzun-uzadı danışıqlar aparmaq, hətta borclara görə məhkəmə çəkişməsinə girmək lazım gələcək. Belə vəziyyətdə “MBA-Moskva” və “MBA-Georgia”nın aktivlərinin mümkün həbs və müsadirə təhlükəsindən yayınmaq üçün ən yaxşısı onları satmaqdır”-mənbə deyib.