Beş yaşlı Zeynəb quduzluqdan ölüb – Nazirlikdən açıqlama

“Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan öldüyü dəqiqləşib”.

Bunu “Report”a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, bu il it dişləmələri nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdan yalnız bir ölüm faktı qeydə alınıb: “Həmin xəstə həkimə vaxtında çatdırılıb vaksinasiya kursu keçsə də, həyatını xilas etmək mümkün olmayıb. Buna səbəb dişləmələrin təhlükəli nayihələrdə olması idi. Çünki it uşağın üz və alın nayihəsindən dişləmişdi. Belə olanda da, inkubasiya dövrü çox qısa olur və ölüm qaçılmazdır. Quduzluq zamanı vaksinlərin kömək etmədiyi nadir hallar da olur. Qeydə alınan ölüm faktı buna nümunədir”.

Qurum rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, heyvan dişləməsi zamanı elə həmin gün mütləq həkimə getmək lazımdır: “Əgər gecikmə baş versə, o zaman iynələr kömək etmir. Yəni, dişləmə faktı zamanı sxem üzrə müalicə təyin olunur və bu həmin gün iynə vurulmalıdır. Əgər bu sxem pozulursa, insanlar vaxtında həkimə getməyib bundan imtina edərsə, onda heyvan dişləməsi mütləq ölümlə nəticələnir”.